
BAKI, 5 mart. TELEQRAF
Böyük Britaniyanın bütün kəşfiyyat orqanları və hərbi strukturları ABŞ kəşfiyyat məlumatlarının Ukraynaya ötürülməsini qəti qadağan edən əmr alıblar.
Teleqraf xəbər verir ki, bu barədə kəşfiyyat mənbələrinə istinadla “Daily Mail” məlumat yayıb.
Bildirilir ki, hətta Avstraliya və Yeni Zelandiya belə müharibə başlayandan bəri Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşüb. Bununla belə, nəşr məlumat əldə edib ki, ABŞ belə məlumatlara çıxışı növbəti xəbərdarlığa qədər dayandırıb.
Britaniya nəşri hesab edir ki, qərar Ukraynanın Rusiyanın davam edən hücumundan müdafiə qabiliyyətinə mənfi təsir göstərə bilər.
Qadağa Britaniya hökumətinin Radio-Kəşfiyyat Agentliyi (GCHQ) kimi strukturlarına, eləcə də Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat bölmələrinə aiddir.
Bu addım ABŞ-nin Kiyevə hərbi yardımı dayandırması barədə rəsmi açıqlaması ilə üst-üstə düşür. Ötən həftə Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Donald Tramp arasında baş vermiş münaqişə iki ölkə arasındakı fikir ayrılığını daha da dərinləşdirib. Mənbələr son qadağanın bu kontekstdə verildiyini istisna etmirlər.