
BAKI, 27 fevral. TELEQRAF
Almaniya kanslerliyinə namizəd Fridrix Mersin Avropa İttifaqının müstəqil müdafiə qüvvələri yaratması ilə bağlı bəyanatı qitədə NATO-ya inamın zəiflədiyini göstərir.
Teleqraf xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.
Dövlət katibi NATO-nun təhdid altında olmadığını, amma Avropa müttəfiqlərinin daha çox iş görməli olduğunu vurğulayaraq, bu cür narahatlıqları rədd edib.
Rubio bildirib: “NATO-nu riskə atan yeganə şey heç bir hərbi qüvvəsi və ya 40 illik zaman itkisindən sonra təsiredici hərbi qüvvələri olmayan NATO müttəfiqlərimizin olmasıdır.
Biz demirik ki, öz işinizlə məşğul olun, biz deyirik ki, daha çox iş görün. Bura onların qitəsidir, elə deyilmi? ABŞ-nin varlı Avropa ölkələrindən milli təhlükəsizliklərinə daha çox sərmayə qoymalarını istəməsi niyə yanlış olmalıdır?”
Dövlət katibi əlavə edib ki, Avropa dövlətləri öz təhlükəsizliklərini özləri təmin etməlidir.