BAKI, 11 noyabr. TELEQRAF

2026-cı ilin 10 ayında Azərbaycan Dəmir Yolları (ADY) tərəfindən 15 milyon 691 min ton yük daşınıb.

Teleqraf ADY-yə istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövründə qeydə alınmış 13 milyon 911 min tonla müqayisədə 13 faiz çoxdur.

Təkcə oktyabr ayında yükdaşımaların həcmi 1 milyon 714 min tona çataraq ötən ilin eyni ayına nisbətən 22 faiz artıb.

Yanvar-oktyabr aylarında tranzit daşımaların həcmi 6 milyon 582 min ton təşkil edib ki, bu da illik müqayisədə 20 faiz artım deməkdir. Oktyabr ayında isə 817 min ton tranzit yük daşınıb. Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 49 faiz yüksəkdir.

Cari ilin 10 ayında ADY tərəfindən 132 500 TEU konteyner daşınıb. Bu, 2025-ci ilin müvafiq dövründəki 112 400 TEU ilə müqayisədə 18 faiz artım deməkdir. Oktyabr ayında isə konteyner daşımalarının həcmi 16 200 TEU təşkil edərək ötən ilin eyni dövrünə nisbətən 67 faiz artıb.

Bundan əlavə, 2026-cı ilin 10 ayında Çindən 472 blok-qatar qəbul edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz çoxdur.

Yanvar-oktyabr aylarında Astara Terminalında 753 614 ton yük aşırılıb. Bu, ötən ilin eyni dövründəki 550 210 tonla müqayisədə 37 faiz artım deməkdir. Oktyabr ayında isə terminalda 122 216 ton yük aşırılaraq aylıq ən yüksək nəticə müəyyən edilib. Bu göstərici 2025-ci ilin oktyabr ayına nisbətən 65 faiz çoxdur.

Hesabat ilində Bakı Beynəlxalq Dəniz Limanında 112 min TEU-dan çox konteyner aşırılıb. Bu, limanda konteyner aşırmaları üzrə indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Konteyner aşırılmasının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 31 faiz artıb.