BAKI, 1 oktyabr. TELEQRAF

İranın təxminən 20 boş neft tankeri Şri-Lankanın cənub-qərb sahilindən 15 mil aralıda ilişib qalıb. Yanacağa qənaət etmək üçün mühərriklərini aşağı rejimdə işlək vəziyyətdə saxlayan tankerlərdə ərzaq, yanacaq və şirin su ehtiyatları tükənmək üzrədir.

Teleqraf xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, Çinə neft daşınmasında iştirak edən onlarla İran və ya onunla əlaqəli tanker iyul ayından etibarən ABŞ-nin Hörmüz boğazında tətbiq etdiyi bloka və sanksiyalar fonunda Şri-Lanka və Malayziya ətrafındakı sularda ilişib qalıb.

ABŞ son həftələrdə Şri-Lankadan bu tankerlərə xidmət göstərilməsinin qarşısını almasını istəyib və yerli şirkətlərə yanacaq və ərzaq təmin etdikləri təqdirdə ikinci dərəcəli sanksiyalarla üzləşə biləcəkləri barədə xəbərdarlıq edib.

“Wall Street Journal” yazıb ki, tankerlərdən birində ərzaq və şirin su ehtiyatları azalmaqdadır. Şri-Lankada fəaliyyət göstərən bir gəmiçilik şirkətinə isə tankerlərə ərzaq və digər zəruri ləvazimatların göndərilməsi ilə bağlı təcili müraciətlər daxil olub.