BAKI, 24 sentyabr. TELEQRAF
Pakistanın Hərbi Hava Qüvvələri Əfqanıstanda dronların buraxılması və saxlanılması üçün istifadə olunan 10 obyektə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin informasiya və teleradio yayımı naziri Attaulla Tarar məlumat verib.
Sentyabrın 23-də Əfqanıstan PUA-ları Pakistanın hava məkanına daxil olub, İslamabadda bu, suverenliyin pozulması və təcavüz aktı kimi qiymətləndirilib.
“Pakistanın hava hücumundan müdafiə sistemləri müdaxilə edən bütün aparatları onların nəzərdə tutulan hədəflərə çatmasından əvvəl aşkar edib, izləyib və zərərsizləşdirib, bununla da hücum cəhdinin qarşısını tamamilə alıb. Pakistan suveren özünümüdafiə hüququnu həyata keçirərək, Əfqanıstan ərazisində bu PUA-ların buraxılması və saxlanılması üçün istifadə olunan 10 obyektə yüksək dəqiqlikli hava zərbələri və dronların köməyi ilə zərbələr endirib”, - Tarar bildirib.
Nazir Kabili Pakistana qarşı düşmənçilik fəaliyyətini dərhal dayandırmağa və terrorizmlə mübarizə sahəsində beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırıb: “Əfqanıstan ərazisindən Pakistana qarşı hücumların həyata keçirilməsi və ya düşmənçilik əməliyyatlarının aparılması üçün istifadə edilməməlidir”.
Tarar həmçinin vurğulayıb ki, Pakistan eskalasiyaya can atmır və regionda sülhün, dialoqun və konstruktiv qarşılıqlı fəaliyyətin tərəfdarıdır.