BAKI, 20 avqust. TELEQRAF
“Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlərin bərpası məsələsi hazırda gündəmdə deyil və bununla bağlı təşəbbüs Tbilisidən gəlməlidir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Diplomat qeyd edib ki, Rusiya ilə diplomatik münasibətlərin kəsilməsinin təşəbbüskarı gürcü xalqı deyil, həmin vaxt ölkə prezidenti olan Mixeil Saakaşvili olub:
“Buna uyğun olaraq, diplomatik əlaqələrin bərpası təşəbbüsü də Gürcüstandan gəlməlidir. Dəfələrlə bildirmişik ki, belə bir imkana açığıq, amma bu gün məsələ gündəmdə deyil”.
Zaxarovanın iddiasına görə, Rusiya ilə diplomatik münasibətlərin olmaması Saakaşvilinin Gürcüstana buraxdığı “faciəvi irs”in bir hissəsidir: “Əlaqələrimizin kəsilməsi qərarı sadəcə səhv deyildi. Bu, həqiqətən də cinayətdən daha pis səhv - cinayət xarakterli səhv idi”.
Rusiya XİN-in nümayəndəsi vurğulayıb ki, bu gün Rusiya ilə əməkdaşlıq Gürcüstana real faydalar gətirir və ölkənin rekord sürətlə iqtisadi inkişafını təmin edir.
Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlər 2008-ci ildən kəsilib.