BAKI, 20 avqust. TELEQRAF

“Pakistanın həbsdə olan keçmiş baş naziri İmran Xan azadlığa buraxılacağı təqdirdə hərbçilərlə və ya ordu komandanı feldmarşal Asim Münirlə qarşıdurmaya getməyəcək”.

Teleqraf xəbər verir ki, bunu Pakistanın keçmiş hökumət başçısının köməkçilərindən biri “Reuters”ə deyib.

Xanın köməkçisi Müniri bu həftə baş verən hüquqi dönüşdən sonra “barışdırıcı əl uzada biləcək şəxs” kimi təqdim edib.

Açıqlama Pakistan Ali Məhkəməsinin İmran Xanın müalicə məqsədilə xəstəxanaya köçürülməsi barədə qərarından sonra verilib. Bu, onun “Ədalət Uğrunda Hərəkat” (PTI) Partiyasının ritorikasında mümkün dəyişiklikdən də xəbər verə bilər.

Xanın tərəfdarları illərdir Asim Müniri sərt şəkildə tənqid edir və onu 2023-cü ildə sabiq baş nazirin həbs olunmasında rol oynamaqda ittiham edirlər. Həmin dövrdə Xanla ölkənin hərbi rəhbərliyi arasında münasibətlər kəskin şəkildə pisləşmişdi. Xan hətta Müniri “psixoloji cəhətdən qeyri-sabit” adlandırmışdı. Amma bu günlərdə “Reuters”ə müsahibə verən PTI-nin mətbuat katibi Zülfüqar Buxari partiyanın hərbçilərlə barışmağa hazır ola biləcəyinə dair açıq siqnal verib. Belə bir addım Pakistanın son illərdəki ən kəskin siyasi qarşıdurmalarından birini zəiflədə bilər. Amma Xanın özünün bu mövqeyi bölüşüb-bölüşmədiyi hələ məlum deyil.

“Əgər İmran Xan, hipotetik olaraq, sabah azadlığa buraxılsaydı, ölkəyə ciddi zərər vura biləcək heç bir addım atmazdı”, - deyən Buxari Xanı alicənab siyasətçi kimi xarakterizə edib.

Xatırladaq ki, İmran Xan 2018-2022-ci illərdə Pakistan hökumətinə rəhbərlik edib. O, 2022-ci il aprelin 10-da parlamentdə ona qarşı etimadsızlıq votumu keçirildikdən sonra vəzifəsindən uzaqlaşdırılıb. Siyasətçi 2023-cü ildən korrupsiya ittihamı ilə 14 illik həbs cəzası çəkir. Həyat yoldaşı Büşra Bibi də eyni ittihamla 7 il müddətinə azadlıqdan məhrum edilib.