BAKI, 17 avqust. TELEQRAF
Bişkekdə Qırğızıstan Dövlət Gömrük Xidməti ilə Çin Baş Gömrük İdarəsi arasında Qırğızıstan-Çin sərhəd-keçid məntəqələrinin idarə olunması ilə bağlı əməkdaşlıq sazişinin layihəsi üzrə danışıqlar aparılıb.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Gömrük Xidməti məlumat yayıb.
Görüşdə razılaşdırılmış sənəd layihəsində nəzarət-buraxılış məntəqələrinin idarə olunmasında əməkdaşlıq üçün Qırğızıstan-Çin komitəsinin yaradılması və fərdi keçidlər üçün işçi qruplarının formalaşdırılması nəzərdə tutulur.
Qeyd edilib ki, yeni qarşılıqlı kommunikasiya mexanizmləri iki ölkənin səlahiyyətli orqanları arasında koordinasiyanı yaxşılaşdıracaq və sərhəd-keçid məntəqələrinin fəaliyyəti ilə bağlı məsələləri daha tez həll edəcək:
“Müqavilənin paraflanması Qırğızıstan-Çin əməkdaşlığının inkişafında və iki ölkənin dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılmasında mühüm addım olacaq”.
Sənədin Çin Sədri Si Cinpinin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçiriləcək sammiti çərçivəsində baş tutacaq Qırğızıstana dövlət səfəri zamanı imzalanması planlaşdırılır.