BAKI, 13 avqust. TELEQRAF

“Çinlə sərhədin mübahisəli hissəsində sülhün qorunması iki ölkə arasındakı münasibətlər üçün həlledici əhəmiyyət daşıyır”.

Teleqraf xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyindən “Reuters”ə bildirilib.

Açıqlama Himalay dağlarının ucqar bölgələrindən birində iki ölkənin hərbçiləri arasında yenidən gərginliyin artması barədə xəbərlərin yayıldığı vaxtda verilib. Dehlinin bu açıqlaması son bir həftə ərzində verdiyi ikinci oxşar bəyanatdır. Hindistan və Çin 2020-ci ildə baş vermiş və insan tələfatı ilə nəticələnmiş toqquşmalardan sonra münasibətləri yaxşılaşdırmağa çalışır.

Çin Xarici İşlər Nazirliyi isə hazırda sərhəd boyunca vəziyyətin ümumilikdə sabit olduğunu bildirib. Pekin həmçinin qeyd edib ki, ötən həftə Dehlidə keçirilən sərhəd məsələləri üzrə birgə məsləhətləşmə komissiyasının son iclasında iki ölkə diplomatik-hərbi kanallar vasitəsilə əlaqələri davam etdirmək, sərhəd bölgələrində sülh və sabitliyi birgə qorumaq barədə razılığa gəlib.

Hindistanın “ThePrint” saytı isə yazıb ki, iyulun sonlarında Hindistan və Çin ordusunun patrul dəstələri Tibetlə həmsərhəd Arunaçal-Pradeş ştatının Subansiri rayonundakı ucqar Taksinq kəndi ətrafında üz-üzə gəliblər.

Çin Arunaçal-Pradeşi öz ərazisi hesab edir və bu bölgəni “Cənubi Tibet” (Zanqnan) adlandırır. Hindistan da buranı “öz ərazisinin ayrılmaz hissəsi” olduğunu bəyan edir.

Məlumata görə, insident Himalayın şərq hissəsində Hindistanın nəzarət etdiyi ərazinin 2,5 kilometr daxilində baş verib, daha sonra Çin hərbçiləri geri çəkiliblər. Amma xəbərdə deyilir ki, avqustun əvvəlində Çin hərbçiləri əraziyə yenidən qayıdaraq bir neçə çadır qurublar. Çin şəxsi heyətinin sərhəd bölgəsində Hindistan ərazisinin mühüm hissələrini ələ keçirərək mövcudluğunu sürətlə genişləndirdiyi iddia olunub.

Hindistan Müdafiə Nazirliyinin sözçüsü isə bu xəbərləri rədd edib və onları “əsassız və təsdiqlənməmiş” adlandırıb.

İki ölkənin hərbi patrullarının 3 488 kilometr uzunluğundakı sərhəd boyunca bir-biri ilə qarşılaşması qeyri-adi olmasa da, belə insidentlər tez-tez baş vermir.

2020-ci ildə Himalayın qərbində iki ölkənin hərbçiləri arasında baş verən toqquşmalarda 20 Hindistan və 4 Çin hərbçisi həlak olmuşdu. Bundan sonra hər iki ölkə sərhədə on minlərlə hərbçi yerləşdirmişdi. Yalnız 2024-cü ildə Çin Sədri Si Cinpin və Hindistan Baş naziri Narendra Modi arasında keçirilən danışıqlardan sonra tərəflər uzunmüddətli qarşıdurmaya son qoymaq barədə razılığa gəliblər.