BAKI, 10 avqust. TELEQRAF
Qırğızıstanda son 50 il ərzində havanın orta temperaturu təxminən 1,3 dərəcə yüksəlib. Müqayisə üçün, eyni dövrdə dünya üzrə temperatur artımı təxminən 1 dərəcə təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə qırğızıstanlı klimatoloq Zoya Kretova yerli mediaya bildirib.
Mütəxəssisin sözlərinə görə, Qırğızıstanın temperaturu dünya üzrə orta göstəricidən daha sürətlə artır. Bununla belə, ölkə Mərkəzi Asiyada istiləşmə tempinə görə lider deyil. Türkmənistan, Özbəkistan və Qazaxıstanda (xüsusilə meşələrin, dağların və buzlaqların daha az olduğu düzənlik ərazilərdə) temperatur daha sürətlə yüksəlir.
Kretova qeyd edib ki, iqlim dəyişikliyi bütün ərazilərdə eyni şəkildə baş vermir: “Qırğızıstanın bəzi bölgələrində yay aylarında temperatur hətta aşağı düşə bilər, noyabr-dekabr aylarında isə uzunmüddətli müşahidələrə əsasən temperatur daha soyuq olur”.
O xəbərdarlıq edib ki, yaxın illərdə bu tendensiya davam edəcək: “Yaxşı heç nə gözləməyimizə dəyməz. Temperatur necə yüksəlirdisə, bundan sonra daha da intensiv şəkildə yüksələcək”.
Proqnozlara görə, gələcəkdə yağıntıların miqdarı arta bilər, amma bu, iqlimin daha rütubətli olacağı anlamına gəlmir. Daha yüksək temperatur buxarlanmanı artıracaq, yağıntılar isə daha qeyri-bərabər paylanacaq. Quraqlıq dövrləri intensiv yağışlarla əvəzlənə bilər.
Ekspert əlavə edib ki, Qırğızıstan üçün əsas iqlim risklərindən biri quraqlıq olaraq qalır. Bu risk xüsusilə kənd təsərrüfatı və suvarma suyunun çatışmazlığı ilə üzləşən bölgələr üçün təhlükəlidir.