BAKI, 24 iyul. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, Rusiya lideri Özbəkistan dövlət başçısını ad günü münasibətilə təbrik edib.
İkitərəfli razılaşmaların həyata keçirilməsi çərçivəsində Özbəkistan-Rusiya hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi ilə bağlı aktual məsələlər müzakirə olunub.
Qarşılıqlı ticarət göstəricilərinin artım templərinin qorunub saxlanılmasına, aparıcı müəssisə və şirkətlərin prioritet sahələrdə əməkdaşlıq layihələrinin təşviqinə və iki ölkənin regionları arasında səmərəli əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib.
Mədəni-humanitar mübadilənin fəal şəkildə davam etdiyi qeyd edilib.
Özbəkistan və Rusiya liderləri gələcək ikitərəfli fəaliyyət planını da nəzərdən keçiriblər.