BAKI, 23 iyul. TELEQRAF
Qırğızıstan Prezidenti Sadır Japarov Çolpon-Ata şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüraliyevi qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyası məlumat yayıb.
Dövlət başçısı bildirib ki, TDT-yə üzv ölkələr arasında əməkdaşlıq ardıcıl şəkildə inkişaf edir. Japarov indiyədək əldə olunmuş razılaşmaların vaxtında və keyfiyyətlə icra olunmasının vacibliyini vurğulayıb.
Qırğızıstan lideri iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsinin, nəqliyyat və digər infrastrukturun inkişaf etdirilməsinin, həmçinin birgə investisiya layihələrinin həyata keçirilməsinin zəruriliyini qeyd edib. Bu baxımdan o, Türk İnvestisiya Fondunun üzv dövlətlərin prioritet təşəbbüslərinin irəli aparılması üçün səmərəli mexanizmlərdən biri olduğunu və Qırğızıstanın qurumun imkanlarından fəal şəkildə istifadə etməkdə maraqlı olduğunu deyib.
Sadır Japarov əlavə edib ki, TDT bundan sonra da mədəni-humanitar və sosial-iqtisadi əməkdaşlığın inkişafına xüsusi önəm verməlidir.
Görüş zamanı Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, əvvəlki razılaşmaların icrası, eləcə də TDT-nin fəaliyyətinin prioritet istiqamətləri üzrə qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.