BAKI, 29 iyun. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin 2022-ci ildən - Ukraynada müharibə başlayandan bəri dördüncü dəfə Federal Mühafizə Xidmətinin (FMX) mərkəzi aparatının ştat sayını artıracaq. Bu qurumun əsas vəzifəsi Rusiya Prezidentinin və ailə üzvlərinin şəxsi mühafizəsini təmin etməkdir.

Teleqraf xəbər verir ki, bu barədə “Verstka” məlumat yayıb.

Bildirilib ki, iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulan dəyişikliklə FMX-nin mərkəzi aparatında çalışan hərbi qulluqçuların və mülki əməkdaşların maksimal sayı hazırkı 785 nəfərdən 812 nəfərə çatdırılacaq.

Qeyd edilib ki, Ukrayna ilə müharibə dövründə FMX-nin mərkəzi aparatının genişləndirilməsi ilə bağlı fərmanlar adətən ilin əvvəlində və ya sonunda imzalanıb. 2022-ci ildən bəri Vladimir Putin bu qurumun ştat sayını üç dəfə artırıb: 2022-ci ilin dekabrında 725 nəfərdən 760 nəfərə, 2024-cü ilin yanvarında 775 nəfərə, 2025-ci il yanvarın 1-dən isə 785 nəfərə çatdırıb.

Müharibəyə qədər xidmətin mərkəzi aparatının ştat sayı təxminən 13 il ərzində artırılmamışdı.