BAKI, 26 iyun. TELEQRAF
Qazaxıstan Rusiya neftinin ölkə ərazisi vasitəsilə Çinə tranzitinin artırılması məqsədilə lupinqin (əsas boru kəmərinə paralel çəkilən əlavə boru xəttinin) tikintisi imkanını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov məlumat verib.
“İşçi qrupları hesablamalar aparır. Ola bilsin, lupinq tikilsin, yəni boru kəmərinin ötürücülük qabiliyyəti artırılsın. Həmçinin əlavə neftvurma stansiyalarının inşası da mümkündür”, - Akkenjenov neft tranzitinin artırılması üçün hansı tədbirlərin görüləcəyinə dair sualı cavablandırarkən qeyd edib.
Nazirin sözlərinə görə, Qazaxıstan neft tranzitinin həcmini 2,5 milyon ton artıra bilər.
Həmçinin əlavə edib ki, 2026-cı ildə neft tranzitinin artırılmasını gözləməyə dəyməz:
“Mütəxəssislərin işini başa çatdırmasını gözləyirəm. Əvvəl texniki-iqtisadi əsaslandırma hazırlanmalıdır, sonra layihə sənədləri, daha sonra tikinti işləri aparılmalı və sonda obyekt istismara verilməlidir. İlin sonunadək cəmi yarım il qalıb, buna görə də bu müddətdə layihənin tamamlanması çətin görünür”.