BAKI, 11 iyun. TELEQRAF
Türkmənistan nümayəndə heyəti iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etmək üçün Liviyaya rəsmi səfər edib.
Teleqraf xəbər verir ki, nümayəndə heyətinə Türkmənistan Sənayeçilər və Sahibkarlar Birliyinin nümayəndələri, tekstil müəssisələrinin rəhbərləri və “Hasar” biznes assosiasiyasının əməkdaşları daxil olub.
Tərəflər ticarət əlaqələrinin inkişaf etdirilməsi, logistika sahəsində əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər. Liviya Ticarət və Sənaye Palataları Birliyinin rəhbərliyi ilə də görüş keçirilib.
Liviyanın paytaxtı Tripolidə türkmən istehsalçıları öz məhsullarını potensial tərəfdaşlara təqdim ediblər.
Səfərin məqsədi ikitərəfli iqtisadi əlaqələri gücləndirmək və türkmən məhsullarını Şimali Afrika bazarlarında tanıtmaqdır.