BAKI, 9 iyun. TELEQRAF
Aşqabadda Türkmənistan xarici işlər nazirinin müavini A. Qurbanov və Özbəkistan xarici işlər nazirinin müavini B. Usmanov arasında görüş keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb.
Həmsöhbətlər ikitərəfli əməkdaşlıq üzrə cari məsələləri, siyasi-diplomatik, ticari-iqtisadi və mədəni-humanitar əlaqələrin inkişafını müzakirə ediblər. Yüksək səviyyəli səfərlər zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsinə xüsusi diqqət yetirilib. İki ölkə arasında tərəfdaşlığın ardıcıl inkişafına kömək edən mövcud hüquqi bazanın əhəmiyyəti vurğulanıb.
Regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb. Tərəflər regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazır olduqlarını təsdiqləyiblər.