BAKI, 5 iyun. TELEQRAF
“Rusiya Ukraynaya qarşı işğalçı müharibəsini davam etdirərkən, Cənubi Qafqaz və Mərkəzi Asiyanı da unutmamağa çalışır”.
Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, Kreml Baş nazir Nikol Paşinyanın partiyası “Vətəndaş Müqaviləsi”nin bazar günü Ermənistanda keçiriləcək parlament seçkilərində məğlub olması üçün əlindən gələni edir:
“Rusiyanın son bir ayda Ermənistan hökumətinə təzyiqi artıb, kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyulub, Kreml İrəvanı qazın qiymətini artırmaqla hədələyir. Bu təzyiqlərə baxmayaraq, Ermənistanda keçirilən sorğular Paşinyanın qələbə qazanacağını göstərir”.
Elxan Şahinoğlu qeyd edib ki, Rusiyanın Əfqanıstana da diqqəti artıb:

“Kreml Əfqanıstanda hakimiyyətdə olan Taliban Hərəkatı ilə hərbi-texniki əməkdaşlıq sazişi imzalayıb. Sazişi Rusiya tərəfdən Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Əfqanıstandan isə müdafiə naziri Məhəmməd Yaqub imzalayıb. Məhəmməd Yaqub Talibanın qurucusu Molla Ömərin oğludur. Bu sənəd Moskva vilayətində keçirilən beynəlxalq təhlükəsizlik forumunda imzalanıb.
Maraqlıdır ki, Taliban son illərə qədər Rusiyanın terrorçular siyahısında idi. Rusiya Ali Məhkəməsi 2025-ci ildə qərar verərək, Talibanın federasiya ərazisində “terror təşkilatı” kimi qadağan olunması barədə qərarın icrasını dayandırıb.
Taliban Rusiya ilə müxtəlif sahələrdə əməkdaşlığa maraq göstərir. Moskva ilə Taliban arasında əldə olunan razılaşmaya görə, Rusiya Əfqanıstana silah tədarükü həyata keçirəcək. Bundan başqa, Talibanın yatırımlara və birgə iqtisadi layihələrin icrasına ehtiyacı var. Vaxtilə Pakistan və İranda sığınacaq tapan milyonlarla əfqan zorla ölkələrinə göndərilib və bu kasıb Əfqanıstanın vəziyyətini daha da ağırlaşdırıb”.
Politoloq əlavə edib ki, Talibanla Pakistan arasında münasibətlər də gərgindir, sərhəddə tez-tez toquşmalar baş verir, bu zaman hər iki tərəf itki verir:
“Talibanın belə vəziyyətdə daha çox tərəfdaşa ehtiyacı var. Kreml Əfqanıstanla Pakistan arasında tərəf tutmasa da, Talibanla imzalanan hərbi əməkdaşlıq sazişin İslamabadın narahatlığına səbəb olub.
Moskva Talibanla əməkdaşlığı genişləndirməyə hazırdır. Rusiyanın Talibanla əməkdaşlığı genişləndirməkdə məqsədi Qərb ölkələrinin Əfqanıstanda mövqelərinin güclənməsini əngəlləməkdir. Çin sözdə Rusiyanın tərəfdaşı olsa da, Kreml Pekinin də Əfqanıstanda mövqelərinin güclənməsindən narahatdır. Çin Əfqanıstanın təbii sərvətlərindən faydalanmağa çalışır.
Çin və Rusiya Mərkəzi Asiyada rəqibdir. Kreml Əfqanıstanı da rəqabətdə Pekinə uduzmaq istəmir. Kreml Kabili önəmli bir məsələdə də dəstəkləyir. Sergey Şoyqu Qərb ölkələrini Əfqanıstanın dondurulmuş aktivlərini açmağa və ölkənin bərpasına maliyyə dəstəyi verməyə çağırıb. Qərbin bu çağırışa müsbət reakssiya verəcəyi çətindir”.