BAKI, 21 may. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə rəsmi səfərdə olan ATƏT baş katibi Feridun Sinirlioğlunu qəbul edib.

Teleqraf xəbər verir ki, görüşdə ATƏT ilə iqtisadi, ekoloji, siyasi və humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Transmilli təhdidlərlə mübarizə, məhkəmə sistemində islahat, gender bərabərliyinin təşviqi, insan hüquqlarının qorunması və medianın inkişafı sahələrində həyata keçirilən birgə layihələrin nəticələri xüsusilə qeyd edilib.

Tərəflər kibercinayətkarlıqla mübarizə, rəqəmsallaşdırma və süni intellektin inkişafı, kadr bacarıqlarının təkmilləşdirilməsi, gənclərin dəstəklənməsi və yaşıl gündəliyin təşviqi kimi prioritet sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Əməkdaşlıq üçün yeni yol xəritəsinin hazırlanması, Özbəkistan və ATƏT çərçivəsində bir sıra birgə tədbirlərin keçirilməsi barədə razılaşma əldə edilib.

Həmçinin regional və beynəlxalq gündəliyin cari məsələləri ətrafında fikir mübadiləsi aparılıb.