BAKI, 21 may. TELEQRAF
Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov Daşkənddə ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Söhbət zamanı mürəkkəb beynəlxalq şəraitdə ATƏT-in rolu və əhəmiyyəti, həmçinin açıq dialoq və qarşılıqlı etimadın möhkəmləndirilməsinə verdiyi töhfə ətraflı müzakirə olunub.
Görüşdə Özbəkistanın gender bərabərliyi, gənclər siyasəti, kibertəhlükəsizlik, yaşıl inkişaf, ekoloji davamlılıq və regional əməkdaşlıq sahələrində irəli sürdüyü təşəbbüslərə xüsusi diqqət yetirilib və ATƏT-lə praktiki tərəfdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Müzakirələrin mühüm hissəsini Mərkəzi Asiyada mehriban qonşuluq və qarşılıqlı etimada əsaslanan yeni mühitin formalaşması təşkil edib.
Tərəflər həmçinin qlobal və regional gündəmdə duran aktual məsələlər barədə fikir mübadiləsi aparıblar. Vurğulanıb ki, bütün münaqişə və ziddiyyətlər yalnız diplomatik yollarla, dialoq vasitəsilə və beynəlxalq hüquq normaları əsasında həll olunmalıdır.