BAKI, 14 may. TELEQRAF
“Pakistan xarici işlər naziri Məhəmməd İshaq Dar bildirib ki, ABŞ ilə İran arasında münaqişənin sona çatması üçün diplomatik təşəbbüslər aktiv şəkildə davam edir. Nazir İslamabadda aparılan məsləhətləşmələrin sülh yolu ilə nəticə verəcəyinə ümid etdiyini söyləyib. Dar həmçinin prosesin bir neçə ölkə tərəfindən dəstəkləndiyini və diplomatik kanalların açıq qaldığını vurğulayıb.
Buna baxmayaraq, ABŞ ilə İran arasında danışıqlarda irəliləyiş yoxdur. Əksinə, ABŞ və İran bir-birinə göndərdiyi təklifləri rədd edir. İslamabad tərəfləri görüşdürməyə və heç olmasa, ikisi arasında yazışmaların davamına çalışsa da, ortada real nəticə yoxdur. Vaşinqton və Tehran Pakistanın vasitəçilik təşəbbüslərinə “yox” demir, ancaq tərəflər arasında İslamabadda birinci görüşdən sonra ikincisi baş tutmayıb”, - ekspert bildirib.
Elxan Şahinoğlunun fikrincə, Pakistanın vasitəçiliyi Çinin işinə yarayır:

“İkisi arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Pekin İslamabadın vasitəçiliyinin müsbət nəticə verəcəyinə ümidlidir. ABŞ Prezidenti Donald Trampın Pekində Çin Sədri Si Cinpinlə görüşündə bir daha aydın oldu ki, Pekin Hörmüz boğazı probleminin qısa müddətdə həllini istəyir. Vaşinqton da boğazda tankerlərin azad hərəkətinin bərpasında maraqlıdır. Ancaq bunun üçün Vaşinqtonla Tehran arasında razılaşmanın əldə olunması vacibdir. Bu isə hələlik mümkün deyil.
Pekin isə Hörmüz boğazının açılması məqsədilə Tehrana təzyiq etmək fikrindən uzaqdır. Bu baxımdan, Donald Tramp Si Cinpinlə görüşün nəticələrindən son dərəcə məmnun qaldığını söyləsə də, tərəflərin İran məsələsində mövqeləri fərqlidir”.
Politoloq əlavə edib ki, Trampdan fərqli olaraq, Konqresdə Pakistanın vasitəçiliyindən narazılıq edənlər var:
“Respublikaçı senator Lindsi Qrem Pakistanın vasitəçi roluna şübhə ilə yanaşdığını bildirib. Senator Pakistanın İrana yaxın davranmaqda ittiham edib. Qremin sözlərinə görə, əgər İranın hərbi obyektlərini qorumaq üçün İran təyyarələri həqiqətən Pakistan bazalarında yerləşdirilibsə, o zaman Vaşinqton başqa vasitəçi axtarmalıdır: “Pakistana mümkün olan qədər etibar etmirəm. Belədirsə, başqa vasitəçi tapmalıyıq. Təəccüblü deyil ki, bu təşəbbüs nəticə vermədi”.
Belə bir məlumat da yayılıb ki, İran tərəfinin Pakistana ötürdüyü tələblər ABŞ-yə yumşaldılaraq göndərilib. Bu isə Vaşinqtonda belə bir təəssürat yaradıb ki, Tehran Ağ Evin tələblərini qəbul etməyə hazırdır, gerçəkdə isə İrandakı rejim tələblərindən vaz keçməyib”.