BAKI, 11 may. TELEQRAF

Hindistan Baş naziri Narendra Modi Yaxın Şərqdəki böhranın nəticələri ilə əlaqədar koronavirus pandemiyası zamanı tətbiq edilən məhdudiyyətlərin bərpasının zəruri olduğunu düşünür.

Teleqraf xəbər verir ki, bu barədə o, Heydərabadda çıxışı zamanı bildirib.

“Koronavirus pandemiyası dövründə evdən işləyirdik, virtual görüşlər və videokonfranslar keçirirdik. Artıq buna öyrəşmişik. Bu metodlara qayıtmağın vaxtıdır”, - Modi deyib.

Baş nazir xarici valyutaya qənaət etməyin və enerji idxalından asılılığı azaltmağın vacibliyini vurğulayıb. Modi Hindistan vətəndaşlarının istehlak vərdişlərini yenidən nəzərdən keçirməli olduqlarını söyləyib.

“Orta təbəqə arasında xaricdə toy etmək, xarici səyahətlər və xarici tətillər ənənəsi geniş yayılıb. Bu böhran dövründə xarici səyahətləri ən azı bir il təxirə salmalıyıq”, - Hindistan lideri qeyd edib.

Modi həmçinin vətəndaşları bir il ərzində tətillər zamanı qızıl almaqdan çəkinməyə çağırıb.

Hindistan Baş naziri yanacaq qənaətinin vacibliyini də vurğulayıb: “İndi benzin, dizel və təbii qazdan böyük qənaətlə istifadə etməliyik. Bu enerji resurslarını xaricdən idxal edirik, ona görə də yalnız lazım olan qədər istifadə etməyə çalışmalıyıq”.

Narendra Modi bu baxımdan vətəndaşları ictimai nəqliyyat və dəmir yolundan daha çox istifadə etməyə çağırıb.