BAKI, 9 may. TELEQRAF

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa və müharibə veteranlarına təbrik ünvanlayıb.

Teleqraf xəbər verir ki, dövlət başçısı bu qələbənin türkmən xalqı üçün xüsusi əhəmiyyət kəsb etdiyini, birlik və milli qürurun möhkəmlənməsinə xidmət etdiyini bildirib.

Müraciətində Sərdar Berdiməhəmmədov türkmənlərin cəbhədə göstərdiyi qəhrəmanlıqdan və arxa cəbhədəki fədakar əməyindən bəhs edib. Xüsusilə türkmən qadınlarının SSRİ Müdafiə Fonduna 7 392 kiloqram qızıl və gümüş zinət əşyası təhvil verməsi qeyd olunub.

Türkmənistan Prezidenti bildirib ki, həmvətənlərinin o zamankı şücaəti yüksək humanizm və vətən sevgisinin nümunəsi kimi tarixə qızıl hərflərlə yazılıb.

Bayram münasibətilə ölkə üzrə abidələrə gülqoyma mərasimləri keçirilib.

Veteranlara Türkmənistan Prezidentinin adından qiymətli hədiyyələr təqdim olunub, mədəni-kütləvi tədbirlər təşkil edilib.