BAKI, 23 mart. TELEQRAF
ABŞ-nin qlobal tədarük çatışmazlığını azaltmaq məqsədilə sanksiyaları 30 günlüyə dayandıran güzəşt tətbiq etməsindən sonra Çinin dövlət neft şirkətləri İrandan neft almaq üçün mümkün razılaşmaları araşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
İranın Milli Neft Şirkətinin nümayəndələri və vasitəçi kimi çıxış edən treyderlər Asiyanın digər emalçıları arasında da potensial alıcılar axtarırlar.
Çin müharibə başlamazdan əvvəl də ABŞ sanksiyalarına baxmayaraq, İran neftinin əsas alıcısı olub və ümumi tədarükün 80 faizindən çoxunu alıb.
Çin ötən il gündə orta hesabla 1,38 milyon barel İran nefti alıb. Bu isə dəniz yolu ilə idxal etdiyi ümumi 10,27 milyon barelin təxminən 13,4 faizini təşkil edib.