BAKI, 11 mart. TELEQRAF

Özbəkistan xarici işlər nazirinin birinci müavini Bəhrom Alayev İsrailin Daşkənddəki səfiri Gideon Lustiq ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüşdə Özbəkistan və İsrail arasında münasibətlərin daha da inkişaf etdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi və müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə olunub.

Tərəflər siyasi-diplomatik dialoqun ardıcıl davam etdirilməsi, praktiki əməkdaşlığın yeni sahələr vasitəsilə zənginləşdirilməsi və ikitərəfli münasibətlərin məzmun baxımından yeni səviyyəyə qaldırılması imkanları barədə də fikir mübadiləsi aparıblar.

Danışıqlar zamanı beynəlxalq və regional əhəmiyyətli aktual məsələlərə diqqət yetirilib. Xüsusilə, Yaxın Şərqdəki vəziyyət, bu bölgədə baş verən proseslər və onların regional sabitliyə təsiri ilə bağlı ətraflı mülahizələr yürüdülüb.

Görüşün sonunda tərəflər dialoqun davam etdirilməsində, ikitərəfli əməkdaşlığın daha da intensivləşdirilməsində və mövcud əlaqələrin gücləndirilməsində maraqlı olduqlarını qeyd ediblər.