BAKI, 5 mart. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov “Airbus Europe” şirkətinin prezidenti Yohan Pelissiye və “BBAM Leasing” şirkətinin vitse-prezidenti Moris Prenderqastı qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat verib.

Görüşdə ölkənin təyyarə parkının yeni təyyarələrlə genişləndirilməsi, eləcə də mülki aviasiya sahəsində tərəfdaşlığın gücləndirilməsi müzakirə olunub.

Sadır Japarov “Airbus” ilə imzalanan müqavilənin mülki aviasiyanın inkişafı, nəqliyyatın etibarlılığının artırılması və hava səyahəti imkanlarının genişləndirilməsinə mühüm töhfə olduğunu bildirib.

Prezident vurğulayıb ki, hazırda Qırğızıstanın aviasiya sənayesi fəal şəkildə inkişaf edir. Xüsusilə, hava limanı infrastrukturu modernləşdirilir və regional marşrutlar genişləndirilir. Əvvəllər dörd hava limanı tam fəaliyyət göstərirdisə, bu gün ölkədəki 11 hava limanının hamısı fəaliyyətdədir və Cəlalabad beynəlxalq aeroportunun tikintisi davam edir.

Dövlət başçısı qeyd edib ki, Qırğızıstan Avropa İttifaqının aviasiya təhlükəsizliyi üzrə qara siyahısından çıxarılma prosesinin son mərhələsindədir. Bu ay Avropa mütəxəssisləri tərəfindən yekun auditin aparılması gözlənilir.

Görüşdən sonra tərəflər aviasiya sektorunda qarşılıqlı faydalı əməkdaşlığa və tərəfdaşlığın inkişafına hazır olduqlarını təsdiqləyiblər.