BAKI, 27 fevral. TELEQRAF

Əfqanıstan Müdafiə Nazirliyi ötən axşam Pakistan Silahlı Qüvvələrinə qarşı keçirilən cavab hərbi əməliyyatın başa çatdığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə nazirliyin X hesabında bildirilib.

“Gecəyarısı İslam Əmirliyinin Baş Qərargah rəisinin əmri ilə hərbi əməliyyatlar dayandırıldı”, - açıqlamada qeyd edilib.

Əfqanıstan Müdafiə Nazirliyi verilən tapşırıqların yerinə yetirildiyini vurğulayıb.

Açıqlamada deyilib ki, əməliyyat Pakistan hərbçilərinin hərəkətləri nəticəsində “Əfqanıstanın ərazi bütövlüyünün pozulması və qadınlarla uşaqların həlak olmasına” cavab olaraq həyata keçirilib. Nazirliyin məlumatına görə, fevralın 26-da Əfqanıstan qüvvələrinin bölmələri Pakistanla sərhədin şərq və cənub-şərq istiqamətlərində hücuma başlayıb, əməliyyatlar dörd saat davam edib.

Xatırladaq ki, fevralın 26-da Pakistan-Əfqanıstan sərhədində münaqişə yenidən başlayıb. Kabil Pakistanın son aviazərbələrinə cavab olaraq hərbi əməliyyat aparıldığını bəyan edib. İslamabad isə Pakistan Silahlı Qüvvələrinin zərbələri nəticəsində 130-dan çox əfqan hərbçisinin öldürüldüyü və Əfqanıstana məxsus təxminən 80 ədəd döyüş texnikasının məhv edildiyini açıqlayıb.