BAKI, 15 fevral. TELEQRAF
Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin ölkə iqtisadiyyatının sağlamlaşdırılması və bazar mühitinin yaxşılaşdırılması üçün bazara ziyan vuran sağlam olmayan rəqabətlə qətiyyətli mübarizə aparmağın vacibliyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə Çin liderinin Kommunist Partiyasının nəzəri orqanı olan "Çyuşi" ("Həqiqət axtarışında") jurnalında dərc olunan məqaləsində bildirilib.
Si Cinpin qeyd edib ki, keyfiyyət artımı olmayan, mənasız və resursları tükəndirən rəqabət ("involyusiya") nizamlanmalı və əlverişli bazar ekosistemi yaradılmalıdır.
Dövlət başçısı həmçinin vahid ümummilli bazarın yaradılması ilə bağlı müddəaların qəbulunu sürətləndirməyə çağırıb.
Məqalədə texnoloji inkişaf məsələlərinə də xüsusi yer ayrılıb. Si Cinpin süni intellektin (Sİ) real iqtisadiyyat sektoruna inteqrasiyasını dərinləşdirməyi qarşıya məqsəd qoyub:
"Biz 'Süni intellekt +' təşəbbüsünü dərinləşdirməli və genişləndirməli, eyni zamanda bu texnologiyanın idarə olunması sistemini təkmilləşdirməliyik".
Çin lideri iqtisadi artımın yeni drayverlərini (hərəkətverici qüvvələrini) formalaşdırmaq üçün sənayenin rəqəmsal transformasiyasını sürətləndirməyin və "ağıllı" istehsalı inkişaf etdirməyin zəruriliyini vurğulayıb.