BAKI, 8 fevral. TELEQRAF

Hindistanın neft emalı müəssisələri aprel ayı üzrə tədarüklər üçün Rusiya neftini almaqdan imtina edir və bu cür sövdələşmələrdən uzun müddət çəkinəcəklər.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi neft emalı və ticarət sənayesindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, bu addım Nyu-Dehliyə Vaşinqtonla ticarət sazişi imzalamağa kömək edəcək. Cümə günü ABŞ və Hindistan ticarət sazişinin bağlanmasına daha da yaxınlaşıblar. Tərəflər mart ayına qədər imzalanması gözlənilən müqavilənin çərçivələrini müəyyən ediblər. Sənəd gömrük rüsumlarının azaldılmasını və iqtisadi əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur.

Treyderlərin məlumatına görə, "Indian Oil" (IOC), "Bharat Petroleum" (BPCL) və "Reliance Industries" kimi nəhəng şirkətlər mart və aprel aylarında Rusiya neftinin yüklənməsi ilə bağlı treyderlərdən gələn təklifləri qəbul etmirlər.

Sənaye mənbələri qeyd ediblər ki, həmin zavodlar mart ayı üçün Rusiya neftinin bəzi tədarüklərini artıq planlaşdırıblar. Lakin digər neft emalı zavodlarının (NEZ) əksəriyyəti Rusiyadan xammal alışını dayandırıb.

Mənbələr əlavə ediblər ki, Hindistan zavodları planlarını dəyişə və Rusiya neftinə sifarişləri yalnız hökumətin tövsiyəsi əsasında bərpa edə bilərlər.

ABŞ Prezidenti Donald Trampın sərəncamında qeyd olunur ki, Amerika rəsmiləri vəziyyəti izləyəcək və Hindistan Rusiyadan neft alışını bərpa edərsə, gömrük rüsumlarının yenidən tətbiqini tövsiyə edəcəklər.

Mənbələr bildirir ki, dünyanın üçüncü ən böyük neft istehlakçısı və idxalçısı olan Hindistanın Rusiya neftini idxalı dekabr ayında son iki ilin ən aşağı səviyyəsinə düşüb.