BAKI, 4 fevral. TELEQRAF
“Moskva Ankaranın Rusiya və Türkiyə arasındakı enerji əməkdaşlığına mane olmaq cəhdlərinə qarşı çıxacağını gözləyir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə Fransa xarici işlər naziri Jan-Noel Barronun açıqlamasını şərh edərkən deyib.
Diplomat Barronun Rusiyanın enerji ixracından gəlirlərinin azaldılması və onun qanunsuz neft tədarüklərinə qarşı tədbirlər barədə Ankarayla müzakirələr aparılması ilə bağlı sözlərini belə şərh edib:
“Ümid edirik ki, türkiyəli tərəfdaşlarımız ölkəmiz arasında zamanın sınağından çıxmış tərəfdaşlıq münasibətlərinin üstünlüyünü nəzərə alaraq, xarici müdaxilə cəhdlərinə açıq və dəqiq etiraz edəcək və bu legitim olmayan hərəkətlərə uyğun ictimai qiymət verəcəklər”.
Zaxarova qeyd edib ki, Rusiya-Türkiyə iqtisadi əməkdaşlığının effektivliyinə qarşı olan qüvvələr iki ölkə arasındakı ticarət imkanlarını məhdudlaşdırmaq üçün səylərini davam etdirirlər:
“Fransa xarici işlər naziri tərəfindən səsləndirilən bəyanatı məhz belə qiymətləndiririk. Hesab edirik ki, çoxşaxəli Rusiya-Türkiyə ticari-iqtisadi əməkdaşlığı qarşılıqlı faydalıdır və Türkiyənin enerji təhlükəsizliyinin, həmçinin Avropa istehlakçılarının Rusiyanın enerji resurslarına çıxışının təmin edilməsinə mühüm töhfə verir”.