BAKI, 23 dekabr. TELEQRAF
Mərkəzi Asiyanın resursları uğrunda mübarizəyə Yaponiya da qoşulub. Dekabrın 19-20-də ilk dəfə olaraq Tokioda 5+1 formatında Yaponiya-Mərkəzi Asiya Sammiti (C5+1) keçirilib.
Teleqraf xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, Yaponiya Baş naziri Sanae Takaiçi Mərkəzi Asiya ölkələrinin liderləri - Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan prezidentləri ilə görüşərək, əməkdaşlığın genişlənməsi mövzularında müzakirələr aparıb:
“Müzakirələrin yekunu olaraq Tokio Bəyannaməsi qəbul edilib. Yaponiya növbəti beş il ərzində Mərkəzi Asiya ölkələrindəki müxtəlif layihələrə 20 milyard dollar xərcləməyi planlaşdırıb.

Yaponiya SSRİ dağıldıqdan sonra Mərkəzi Asiyaya maraq göstərməyə başlayıb. Maraqlıdır ki, Yaponiya Çindən əvvəl, 2004-cü ildə Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafını ehtiva edən “Böyük İpək yolu Diplomatiyası” adlı proqram qəbul edib. Ancaq Tokio son 20 ildə ehtiyatlı davranıb və Çindən fərqli olaraq Mərkəzi Asiya ölkələrində daha çox humanitar proqramların reallaşmasına üstünlük verib. Tokio “yumşaq güc” alətlərindən istifadə edərək Mərkəzi Asiyada mövqelərini gücləndirməyə çalışıb. Halbuki Pekin Mərkəzi Asiyada daha fəal siyasətə üstünlük verərək, on milyardlarla dollar yatırımlar hesabına bölgə ölkələrini Çindən asılı vəziyyətə salmağa çalışıb.
Mərkəzi Asiyaya marağı artan ABŞ və Avropa İttifaqı da bölgə ölkələri ilə 5+1 formatında əməkdaşlığı genişləndirməyə çalışır. Bu format çərçivəsində Vaşinqton və Brüsseldə toplantılar keçirilib. Çinlə yanaşı, ABŞ və Avropa İttifaqı da Mərkəzi Asiyanın yeraltı sərvətlərindən yararlanmağa, nadir torpaq materiallarına maraq göstərməyə başlayıb. Yaponiyanın da Mərkəzi Asiyaya artan marağı bununla bağlıdır”.
Elxan Şahinoğlu qeyd edib ki, Yaponiyanın yearltı resurslardan fərqli olaraq, kifayət qədər maliyyə resursları mövcuddur:
“Bu səbəbdən Mərkəzi Asiya ölkələrinin liderləri Yaponiya ilə əməkdaşlığa əhəmiyyət verir. Bunun siyasi əhəmiyyəti də var. Yaponiya ilə sıx əməkdaşlıq Mərkəzi Asiya ölkələrinə Rusiya, Çin, Avropa İttifaqı və ABŞ arasında balansı gücləndirməyə imkan verəcək. Tokiodakı sammit çərçivəsində Qazaxıstan və Yaponiya arasında ümumi dəyəri 3,7 milyard dolları ötən 60-dan çox ikitərəfli sənəd imzalanıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə “Mərkəzi Asiya-Yaponiya 2040” əməkdaşlıq strategiyasının hazırlanmasını təklif edib. Şavkat Mirziyoyev bu məqsədlə Daşkənddə forum keçrimək təşəbüsü ilə çıxış edib.

Yaponiyanın Mərkəzi Asiyada fəallaşması ABŞ-nin də maraqlarına uyğundur. Vaşinqton Yaponiya-Çin gərginliyində illərin müttəfiqi Tokionu dəstəkləyir. Təsadüfi deyil ki, bir neçə gün əvvəl ABŞ Konqresi Çinin Yaponiya qarşı siyasətini pisləyən qətnamə qəbul edib. Mərkəzi Asiya böyük ölkələr arasındakı gərginliklərə qarışmır və tərəf tutmur. Mərkəzi Asiya ölkələri üçün önəmli olan bölgəyə maraq göstərən ölkələrlə bərabərhüquqlu əməkdaşlıq və gəlirlərinin artımının təmin edilməsidir”.
Politoloq hesab edir ki, bu Azərbaycan, ümumilikdə Cənubi Qafqazın maraqları ilə də üst-üstə düşür: ”Mərkəzi Asiya və Cənubi Qafqaz vahid bölgəyə çevrilir. Bu mənada Yaponiyanın Mərkəzi Asiyaya artan marağı Cənubi Qafqaz ölkələri, o cümlədən Azərbaycanla da əməkdaşlığı genişləndirməyi diktə edəcək”.