BAKI, 2 may. TELEQRAF

Südün tərkibindəki bəzi komponentlər qida allergiyasının təzahürlərini azaltmağa və bağırsaq sistemini qorumağa kömək edir.

Teleqraf xəbər verir ki, bu barədə aparılan tədqiqatın nəticələri “Food & Function” (F&F) jurnalında dərc olunub.

Alimlərin rəyinə görə, söhbət süddə olan eksosomlar adlanan mikroskopik hissəciklərdən gedir. Heyvanlar üzərində aparılan sınaqlar zamanı bu hissəciklərin allergik simptomları, o cümlədən bədən temperaturunun dəyişməsini və immun markerlərinin səviyyəsini aşağı saldığı müəyyən edilib. Eksosomlar allergiyanın inkişafına səbəb olan həddindən artıq immun cavabını tənzimləyərək orqanizmi qoruyur.

Bundan əlavə, həmin komponentlər bağırsaq toxumalarının zədələnməsini azaldır, hüceyrəarası əlaqələri möhkəmləndirir və iltihablı hüceyrələrin toxumalara nüfuz etməsinin qarşısını alır. Tədqiqat çərçivəsində bağırsaq mikrobiotasında da müsbət dəyişikliklər müşahidə olunub: faydalı bakteriyaların, xüsusən də laktobasillərin sayı artıb.

Mütəxəssislər hesab edirlər ki, südün bu komponentləri gələcəkdə qida allergiyasının profilaktikası və müalicəsi üçün yeni yanaşmaların əsasını təşkil edə bilər.

Xatırladaq ki, bundan əvvəl aparılan tədqiqatlar tam yağlı südün uşaqlarda piylənmə riskini azaltdığını ortaya qoyub.