BAKI, 29 aprel. TELEQRAF
Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Kamçıbek Taşiyev ona qarşı cinayət işinin açılmasından sonra xalqa müraciət edib.
Teleqraf xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Taşiyevin sözlərinə görə, çoxsaylı sorğular və ictimai narahatlıq səbəbindən vətəndaşlara müraciət etmək məcburiyyətində qalıb. O bildirib ki, hüquqi müdafiə üçün hər cür imkanı var və bəraət alacağını gözləyir.
Taşiyev həmçinin ölkədə ədalətli məhkəmə sisteminin qurulması üçün addımlar atıldığını vurğulayaraq, Kempir-Abad işində iştirak edənlərin bəraət almasını nümunə kimi göstərib.
Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri vətəndaşları qanuna tabe olmağa və ictimai etirazlar təşkil etməməyə çağırıb:
“Narahat olmayın. Hər şey yaxşı olacaq”.
Xatırladaq ki, Kamçıbek Taşiyev bundan əvvəl ona qarşı cinayət işinin açıldığını açıqlamışdı.