BAKI, 10 dekabr. TELEQRAF
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Katibliyində (Pekin) Qırğızıstanın 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyinin təşviqi məqsədilə xüsusi brifinq keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bişkekin ŞƏT Katibliyindəki daimi nümayəndəsi Raxman Adanov bildirib ki, Mərkəzi Asiya dövlət başçılarının 2025-ci il noyabrın 16-da Daşkənddə keçirilən Məşvərət Görüşü zamanı “Region dövlət başçılarının Qırğızıstan Respublikasının namizədliyini dəstəkləməyə çağıran BMT-yə üzv dövlətlərə müraciəti” imzalanıb.
Daimi nümayəndə qeyd edib ki, Qırğızıstan seçiləcəyi təqdirdə BMT Təhlükəsizlik Şurasının məsuliyyətli üzvü olacaq, qlobal sülh və təhlükəsizliyə sadiq qalacaq və davamlı inkişafı dəstəkləmək və müasir qlobal çağırışları həll etmək üçün beynəlxalq səylərə töhfə verməyə çalışacaq.