BAKI, 4 noyabr. TELEQRAF

Ukraynada əmək istismarına məruz qalan 19 Özbəkistan vətəndaşı ölkələrinə qaytarılıb.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən “Dunyo” informasiya agentliyi məlumat yayıb.

Məlumata əsasən, sentyabrda mediada Kiyev vilayətindəki bir istixanada məcburi əməyə cəlb olunan özbəkistanlılar haqqında xəbərlər yayılıb. Əvvəlcə 13 nəfərin zərərçəkmiş olduğu bildirilmişdi. Hadisə Özbəkistanın Ukraynadakı səfirliyi tərəfindən diplomatik nəzarətə götürülüb. Nəticədə aparılan danışıqlardan sonra bütün 19 vətəndaşa “zərərçəkmiş” statusu verilib.

Agentliyin məlumatına görə, oktyabrın 28-də Beynəlxalq Miqrasiya Təşkilatının Ukrayna və Moldova ofislərinin maliyyə dəstəyi ilə həmin şəxslər Kiyevdən Kişinyova avtobusla aparılıblar və orada onlara bütün zəruri yardım göstərilib.