BAKI, 17 oktyabr. TELEQRAF

Türkmənistanın ATƏT-dəki daimi nümayəndəsi Həmra Amanəzərov ATƏT baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistanın Avstriyadakı səfirliyinin mətbuat xidmətinin məlumat yayıb.

Tərəflər Türkmənistanın ATƏT Katibliyi və qurumları ilə əməkdaşlığını müzakirə ediblər. Bildirilib ki, Türkmənistanın etimad və qarşılıqlı hörmətə əsaslanan daimi neytrallıq siyasəti sabitliyin möhkəmlənməsinə və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verir.

Bu kontekstdə ölkənin neytrallığı təşviq etmək təşəbbüslərindən, o cümlədən dekabrın 12-də Aşqabadda keçirilməsi planlaşdırılan Beynəlxalq Bitərəflik Forumundan bəhs edilib.

Təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinə və transmilli təhdidlərlə mübarizəyə yönəlmiş ATƏT-in Mərkəzi Asiyada regional proqramları da müzakirə olunub. Region ölkələrinin sərhəd xidmətlərinin rəhbərləri ilə ATƏT-in baş katibi arasında mütəmadi görüşlərin əhəmiyyəti vurğulanıb.