BAKI, 17 oktyabr. TELEQRAF
Özbəkistanda Mərkəzi Asiya regionunun aviasiya mərkəzinə çevrilə biləcək hava limanı tikiləcək.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Artıq Daşkənd vilayətində sözügedən beynəlxalq hava limanının tikintisinə başlanılıb.
Yeni hava limanı ildə 20 milyon sərnişin və 129 000 tona qədər yük qəbul edə, saatda 30-a qədər uçuş-eniş yerinə yetirə, 14 hava körpüsündən istifadə edə və eyni zamanda 62 təyyarəni qəbul edə biləcək.
Bildirilib ki, hava limanı Sinqapur, Dubay və Seulla bərabər nəhəng nəqliyyat infrastrukturuna çevriləcək.
Həmçinin qeyd olunub ki, Özbəkistanın müxtəlif bölgələrində yerləşən yeddi beynəlxalq hava limanı müasir standartlara cavab verəcək şəkildə yenidən qurulur. Muynak, Kokand, Zamin, Şəhrisəbz, Sarıyası və Soxda yeniləri tikilərək ölkədə hava limanlarının ümumi sayı 18-ə çatdırılıb.
Sənayedə rəqabət mühiti yaradılıb: 15 yeni aviaşirkət yaranıb, təyyarə parkı 26-dan 105 təyyarəyə qədər artıb.