BAKI, 13 oktyabr. TELEQRAF

İki yüz il əvvəl çap olunmuş ilk Quran kitablarından birinin nadir nüsxəsi Özbəkistana hədiyyə edilib.

Teleqraf xəbər verir ki, Daşkənddə “Keçmişin böyük irsi - İşıqlı gələcəyin təməli” beynəlxalq forumu çərçivəsində mərasim keçirilib.

Rusiyanın “Mədinə” nəşriyyatının rəhbəri İlyas Saduriy İslam Sivilizasiyası Mərkəzinə unikal hədiyyə təqdim edib. Hədiyyə olunan kitablar arasında 1787-ci ildə İmperatriçə II Yekaterinanın təşəbbüsü ilə Sankt-Peterburqda çap olunmuş Quran da var.

Bu, ilk tam çap edilmiş Quran kitablarından biridir. Onun nəşri üçün xüsusi metal şrift yaradılmış, bəzək işində tatar xəttatı Usman İsmayıl çalışıb. İlkin tiraj təxminən 1200 nüsxə olub.

Nəşr İslam çapı tarixində əlamətdar hadisə hesab edilir və bir çox cəhətdən sonradan Rusiyada İslam ədəbiyyatının çapının mərkəzinə çevrilən XIX əsr Kazan şəhərinin ənənələrini müəyyənləşdirib.