BAKI, 9 oktyabr. TELEQRAF

Ümumdünya Ticarət Təşkilatında (ÜTT) dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin görüşü keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan İqtisadiyyat və Ticarət Nazirliyi məlumat yayıb.

Görüşdə belə dövlətlər üçün birgə iş proqramının formalaşdırılması məsələsi müzakirə olunub.

Qırğızıstanı tədbirdə ÜTT-dəki missiyasının rəhbəri Nurbek Maksutov təmsil edib. O bildirib ki, inkişaf etməkdə olan ölkələr elektron ticarət, rəqəmsal ticarət rabitəsi, xidmətlər, sanitar və fitosanitar tədbirlər, malların mənşə ölkəsinin müəyyən edilməsi qaydaları sahələrində daha fəal əməkdaşlıq edə bilərlər.

Dənizə çıxışı olmayan ölkələr üçün rəqəmsal kommunikasiyaların və tranzit dəhlizlərinin inkişafının vacibliyi qeyd edilib.

ÜTT platformasında ümumi təşəbbüsləri təşviq etmək üçün regionun digər ölkələri ilə qüvvələri birləşdirməyə hazır olduqları da bəyan olunub.

Nurbek Maksutovun sözlərinə görə, dənizə çıxışı olmayan dövlətlərin qlobal ticarətdə eyni mövqedən çıxış etməsi və öz maraqlarını müdafiə etməsi vacibdir.