BAKI, 8 oktyabr. TELEQRAF

“Özbəkistanın Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olması ittifaqın potensialını gücləndirəcək”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Vladimir Cabarov deyib.

“Özbəkistanın AİB-ə üzvlüyü ittifaqın gücünü əhəmiyyətli dərəcədə artıracaq. Bu gün üzv respublikalar çox uğurla inkişaf edir, onların iqtisadi artım templəri Rusiyadan da yüksəkdir. Bu baş verərsə, biz ancaq sevinəcəyik. Daşkənd çörək şəhəridir, biz bunu hələ sovet dövründən bilirik. Ümid edirik ki, hər şey yaxşı olacaq”, - o bildirib.

Senator Özbəkistanın böyük insan resurslarından və nadir metal ehtiyatlarından da danışıb. O qeyd edib ki, ölkə əhalisi 40 milyona yaxındır.

“Məni Aral dənizinin taleyi narahat edir. Vaxtilə ora sahillərində dəmir yolu olan yeganə dəniz olub. Əminəm ki, Özbəkistan, Qazaxıstan və Rusiya birgə səylərlə vəziyyəti yaxşılığa doğru dəyişə bilərlər”, - Cabarov qeyd edib.