BAKI, 8 oktyabr. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov 2020-ci ilin oktyabr hadisələrinin beşinci ildönümü ilə əlaqədar “Kabar” xəbər agentliyinə müsahibəsində keçmiş dövlət başçısı Soronbay Jenbekov ilə söhbətindən danışıb.

Teleqraf xəbər verir ki, o, həmin günlərdə Bişkekdə gərginliyin olduqca yüksək olduğunu xatırladıb.

Dövlət başçısının sözlərinə görə, gənclərdən ibarət qruplar Soronbay Jenbekov və digər məmurları cəzalandırmaq üçün onları zorla meydana gətirmək niyyətində olublar:

“Onların 300 nəfərdən ibarət siyahıları vardı, siyahıda indiki və keçmiş yüksək vəzifəli məmurlar yer alırdı. Mən onları saxlayıb dedim ki, bunu etmək olmaz. Təkid etdim: repressiya olmasın, qan tökülməsin, hər şeyi yalnız qanun həll etməlidir, qan tökülsə, rəhbər vəzifəsindən istefa verəcəyəm”.

Sadır Japarov qeyd edib ki, o zaman cəmiyyət oğurlanmış vəsaitlərin qaytarılmasını və korrupsionerlərin məsuliyyətə cəlb olunmasını tələb edib:

“Soronbay Jenbekovla oktyabrın 8-9-da onun iqamətgahında görüşdük. Danışıqlar çox çətin keçdi, bir neçə gün davam etdi. Sonda istefa verməyə razı oldu.

Prezident əlavə edib ki, hazırda ən vacibi sabitliyi qorumaq və Qırğızıstanın gələcəyinə təhlükə yarada biləcək münaqişənin genişlənməsinin qarşısını almaqdır.

2020-ci il oktyabr hadisələri — Qırğızıstanda 2020-ci ilin 4 oktyabrında keçirilmiş parlament seçkilərinin nəticələrinə etiraz olaraq baş vermiş genişmiqyaslı etiraz aksiyaları, iğtişaşlar və siyasi böhran idi. Bu hadisələr nəticəsində ölkədə hakimiyyət dəyişikliyi baş verib. Prezident Soronbay Jenbekov vəziyyəti sabitləşdirmək cəhdlərinə baxmayaraq, oktyabrın 15-də istefa verib. Beləliklə, Sadır Japarov həm baş nazir, həm də müvəqqəti prezident səlahiyyətlərini icra etməyə başlayıb. Nəticədə, 2021-ci ilin yanvarında yeni prezident seçkiləri keçirilib və Sadır Japarov qalib gəlib.