BAKI, 1 oktyabr. TELEQRAF

“Aysulu adlı yeniyetmə qızın vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı istintaq Qırğızıstan Prezidenti Sadır Japarovun şəxsi nəzarəti altındadır”.

Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Əsqət Alagözov sosial şəbəkədəki səhifəsində məlumat verib.

Onun sözlərinə görə, prezident ictimaiyyəti sarsıdan bu cinayət xəbərini dərin təəssüf hissi ilə alıb.

“Həmçinin dövlət başçısı Prezident Administrasiyasının Hüquqi Təminat şöbəsinin müdiri Murat Ukuşevə qanunvericiliyə uşaqlar və qadınlara qarşı törədilmiş cinayətlərə görə məsuliyyətin artırılmasını nəzərdə tutan əlavə və dəyişikliklərin edilməsi üzərində işləməyi tapşırıb.

Bu, azyaşlı uşaqları və qadınları zorlayanlar, eləcə də öldürənlər üçün ölüm hökmünün tətbiqini nəzərdə tutur. Prezident Sadır Japarov bu fikirdədir ki, xüsusilə azyaşlı uşaqlara və qadınlara qarşı törədilən cinayətlər cəzasız qalmamalıdır”, - Alagözovun bəyanatında deyilir.

Xatırladaq ki, hazırda Qırğızıstanda ölüm hökmü artıq tətbiq edilmir. Ölkə 2007-ci ildə ölüm hökmünü cinayət qanunvericiliyindən çıxarıb.