BAKI, 30 sentyabr. TELEQRAF

İndoneziyanın paytaxtı Cakartada keçirilən 12-ci Regional Konfrans çərçivəsində Özbəkistan Asiya-Sakit bölgəsi üzrə Korrupsiyaya Qarşı Mübarizə Təşəbbüsünə üzv qəbul edilib.

Teleqraf xəbər verir ki, bu qərarla Özbəkistan bu strukturun 35-ci üzvü olub.

Korrupsiyaya Qarşı Mübarizə Təşəbbüsü 1999-cu ildə Asiya İnkişaf Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının tərəfdaşlığı ilə yaradılıb. Onun əsas məqsədi Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı Konvensiyasının effektiv həyata keçirilməsi yolu ilə region ölkələrinin korrupsiyaya qarşı mübarizə imkanlarını artırmaq və dürüstlük, şəffaflıq və hesabatlılığı gücləndirməkdir.

Təşəbbüsə Sinqapur, Gürcüstan, İndoneziya, Malayziya, Yaponiya, Koreya Respublikası, Avstraliya, Vyetnam, Azərbaycan və digər Asiya-Sakit okean ölkələri daxil olmaqla 34 üzv dövlət daxildir. Onun çərçivəsində regional konfranslar, seminarlar, ekspert görüşləri, dövlətlərarası təcrübə mübadiləsi aparılır.