BAKI, 24 sentyabr. TELEQRAF

“Qırğızıstan sanksiyalar təhlükəsinə baxmayaraq, Rusiya ilə iqtisadi əməkdaşlıqdan imtina edə bilməz”.

Teleqraf xəbər verir ki, bunu BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində çıxış edən Qırğızıstan Prezidenti Sadır Japarov deyib.

“Siz bizdən Rusiya ilə əməkdaşlıq etməməyi tələb edirsiniz, amma siz özünüz onunla ticari-iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirirsiniz. Bizim Rusiya ilə sizdən çox iqtisadi əlaqələrimiz var. Ona görə də Rusiya ilə iqtisadi əməkdaşlıqdan imtina edə bilmərik”, - prezident Qərb ölkələrinə müraciətində qeyd edib.

Onun sözlərinə görə, bir sıra Qərb ölkələrinin bəzi Qırğızıstan şirkətləri və banklarına qarşı tətbiq etdiyi sanksiyalar müəyyən qeyri-hökumət təşkilatları və şəxslər tərəfindən yayılan yalan məlumatlara əsaslanır. Japarov həmçinin əmin edib ki, Bişkek Qırğızıstan banklarının fəaliyyətini hərtərəfli yoxlamaq üçün müstəqil beynəlxalq auditləri qəbul etməyə hazırdır.

“2024-cü ildə Avropa İttifaqı ölkələri Rusiya ilə 141 milyard dollar ticarət aparıb ki, bunun da 36 milyard dolları Rusiyadan idxalın payına düşüb. Bizim iki bankımıza qarşı sanksiyalar tətbiq edən Böyük Britaniya həmin il Rusiya ilə 2,2 milyard dollarlıq ticarət aparıb. İndi bəziləri öz maraqlarını müdafiə edərək, digərlərinə isə qadağan etməklə Rusiya ilə əməkdaşlıq etmək imkanını saxlayır”, - Qırğızıstan prezidenti vurğulayıb.