BAKI, 20 sentyabr. TELEQRAF

İsrail Baş naziri Binyamin Netanyahu Misirin Sina yarımadasında öz qüvvələrini və hərbi infrastrukturunu gücləndirdiyinə görə Vaşinqton administrasiyasından Qahirəyə təzyiq göstərməyi xahiş edib.

Teleqraf xəbər verir ki, bu barədə Amerikanın “Axios” portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, Netanyahu bu həftənin əvvəlində Qüdsdə keçirdiyi görüşdə ABŞ dövlət katibi Marko Rubioya Misirin Sinada 1979-cu ildə İsraillə imzalanmış sülh müqaviləsini ciddi şəkildə pozduğunu iddia etdiyi addımlarının siyahısını təqdim edib.

Portalın İsraildəki mənbələri iddia edir ki, Misir tərəfi yarımadada hücum məqsədləri üçün istifadə oluna biləcək infrastruktur da daxil olmaqla, hərbi obyektlər qurur.

İsrail rəsmiləri Misir bazalarında uçuş-enmə zolaqlarının uzadıldığını və raketlərin saxlanılması üçün istifadə oluna biləcək yeraltı qurğuların tikildiyini bildiriblər.

Rəsmilərin fikrincə, misirlilərin bu obyektlərdə raket saxladıqlarına dair heç bir sübut yoxdur.