BAKI, 28 aprel. TELEQRAF
Dünən İranın infrastrukturuna qarşı genişmiqyaslı və mürəkkəb kiberhücumlardan biri dəf edilib.
Teleqraf xəbər verir ki, bu barədə “Təsnim”in ölkənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadla məlumat yayıb.
Bildirilib ki, hücumun qarşısının alınması üçün vaxtında profilaktik tədbirlər görülüb.
“Times of Israel” isə yazır ki, son illərdə İranın mühüm infrastrukturuna, o cümlədən limanlarına bir sıra kiberhücumlar həyata keçirilib. Əvvəllər həbsxanalar da daxil olmaqla hökumət binalarının müşahidə kameraları da sındırılıb.
2000-ci illərin sonlarında ABŞ-İsrailin birgə yaratdığı hesab edilən “Stuxnet” kompüter virusu İranın nüvə obyektlərində minlərlə sentrifuqanı sıradan çıxardıqdan sonra Tehran hökumət infrastrukturunun çox hissəsini internetdən ayırıb.