
BAKI, 27 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Tayvanı yenidən birləşməyə məcbur etməyə çalışsa, Çinə qarşı çıxmaq niyyətində olub-olmaması ilə bağlı suala birmənalı cavab verməkdən imtina edib.
Teleqraf xəbər verir ki, bu, Trampın kabinetinin Ağ Evdə keçirilən ilk iclası zamanı baş verib.
“Mən bunu heç vaxt şərh etmirəm”, - deyə Tramp onun rəhbərliyi altında Çinin Tayvanı heç vaxt güc yolu ilə ələ keçirməyəcəyinə zəmanət verib-verməyəcəyi soruşulduqda bildirib.
ABŞ prezidenti məsələ ilə bağlı şərh verməyəcəyini, özünü bu duruma salmaq istəmədiyini qeyd edib.
Tramp Tayvan məsələsini açıq şəkildə yox, yalnız administrasiyasının nümayəndələri ilə müzakirə etməyi məqsədəuyğun hesab etdiyini vurğulayıb.
Amerika lideri həmçinin çinli həmkarı Si Cinpinlə əla münasibətdə olduğunu söyləyib və ABŞ-də çinlilərin olmaması ilə razılaşmadığını bildirib:
“Biz istəyirik ki, onlar gəlib sərmayə qoysunlar. Onların ABŞ-yə sərmayə qoymalarını istəyirik, çünki bu yaxşıdır. Biz də Çinə sərmayə qoyacağıq, Çinlə qarşılıqlı əlaqədə olacağıq. Çinlə çox yaxşı münasibətimiz olacaq, amma onlar bizdən artıq istifadə edə bilməyəcəklər”.