BAKI, 28 may. TELEQRAF

“Heydər Bammat arxivində Azərbaycan” adlı layihəmizin ikinci yazısını təqdim edirik.

Azərbaycan Cümhuriyyətinin ədliyyə naziri olmuş Xəlil bəy Xasməhəmməd (Gürgören) 7 noyabr 1873-cü ildə Gəncədə doğulub. Gəncə gimnaziyasında orta təhsil alıb, 1895-ci ildə Moskva Universitetinin Hüquq Fakültəsini bitirib. Xəlil bəy 1897-1907-ci illərdə Yekaterinodar Dairə Məhkəməsi prokurorunun müavini işləyib. 1907-ci ildən vəkillik edib. 7 fevral 1907-ci ildə Gəncə valiliyindən Rusiya II Dövlət Dumasına deputat seçilib. Dumanın Müsəlman Fraksiyasına daxil olub, Xalq Azadlığı Partiyasında təmsil olunub. Çar II Dumanı buraxdıqdan sonra Xasməhəmməd Gəncəyə dönüb və ildə 3 min manat maaşla vəkillik edib. 14 oktyabr 1907-ci ildə Bakı, Gəncə və İrəvan valiliklərindən III Dövlət Dumasına deputat seçilib.

9 iyun 1912-ci ildə III Duma fəaliyyətini dayandırıb və Xəlil bəy Gəncəyə dönərək, 1913-1917-ci illərdə vəkilliklə məşğul olub, Gəncə Şəhər İdarəsinin sədri işləyib. 23-26 may 1915-ci ildə Tiflisdə Qafqaz diyarı şəhər ictimai xadimlərinin 4-cü qurultayı keçirilib. 24 mayda Qurultayın Rəyasət Heyəti təşkil edilərkən Gəncə şəhərinin başçısı Xəlil bəy sədrin müavini seçilib. 1917-ci il Fevral inqilabından sonra yerli hakimiyyət orqanı olan Gəncə Qəza İcraiyyə Komitəsini yaradaraq onun sədri vəzifəsində çalışıb.

Gəncədə Nəsib bəy Yusifbəyli və başqa əqidədaşları ilə birgə 1917-ci ildə Türk Ədəmi-Mərkəziyyət Firqəsinin, həmin ilin martında isə birləşmiş Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavatın yaradıcılarından olub. 26-31 oktyabrda Müsavatın I qurultayında onun Mərkəzi Komitəsinin üzvü seçilib. Zaqafqaziya Komissarlığı hökumətində nəzarət komissarı (naziri) təyin edilərək 1917-1918-ci illərdə bu vəzifədə çalışıb.

Zaqafqaziya Seyminin, Azərbaycan Milli Şurasının (1918, 27 may), 1918-ci ilin fevral-mart aylarında Trabzon Sülh Konfransında Zaqafqaziya nümayəndə heyətinin üzvü olub. Eləcə də, 1918-ci ildə İstanbul konfransına göndərilən, Rəsulzadənin sədri olduğu Azərbaycan Cümhuriyyəti nümayəndə heyətinə daxil edilib. X.Xasməhəmməd Azərbaycan Cümhuriyyətinin 1-ci Hökumət kabinəsində ədliyyə naziri, 2-ci kabinədə əvvəlcə portfelsiz nazir, sonra ədliyyə naziri, 3-cü kabinədə daxili işlər naziri, 5-ci kabinədə ədliyyə naziri vəzifələrində çalışıb. Müsavat Partiyasından Azərbaycan Məclisi-Məbusanının üzvü olub. Azərbaycan nümayəndə heyətinin tərkibində Cənubi Qafqaz respublikaları konfransında (1919, aprel-iyun) iştirak edib.

Xəlil bəy 1920-ci il aprelin 1-dən Azərbaycanın Osmanlı dövlətindəki səfiri təyin olunub. 1920-ci ildə cümhuriyyətin işğalından sonra Xəlil bəy də mühacirət həyatı yaşayıb. Ermənilər Tiflisdə Fətəli xan Xoyski ilə Həsən bəy Ağayevi qətlə yetirsələr də, Xəlil bəy yaralı şəkildə xilas ola bilib.

Xəlil bəy 1924-1927-ci illərdə İstanbulda Qafqaz Konfederatları Komitəsinin, 1927-1932-ci illərdə Azərbaycan Milli Mərkəzi katibliyinin, 1934-1939-cu illərdə “Qafqaz” qrupunun üzvü olub. Mühacirətdaxili qarşıdurmalar dövründə Xasməhəmmədlə Rəsulzadənin yolları ayrılıb. Nəticədə, Müsavatın 1936-cı ildəki Varşava konfransında Xəlil bəy partiyadan çıxarılıb. 1942-ci ildə Almaniyanın Xarici İşlər Nazirliyinin xətti ilə Berlinə görüşə dəvət edilmiş tanınmış Qafqaz siyasi mühacirləri sırasında Xəlil bəy də olub.

Xəlil bəy 1945-ci il avqustun 11-də xərçəng xəstəliyindən İstanbulda həyata gözlərini yumub, Feriköy İslam məzarlığında dəfn olunub.

Türk vətəndaşlığından çıxarılması

Xəlil bəy Xasməhəmməd mühacirətdə Heydər Bammatla yaxın münasibətdə olub. Ona görə də Bammat arxivində onlarla məktubu yer almaqdadır. Bu məktubların bəziləri siyasi mahiyyətli, bir qismi isə şəxsi sıxıntıları ilə bağlıdır. Məktubların hamısı rus dilində qələmə alınıb.

1938-ci ildə SSRİ-nin təzyiqi nəticəsində Xəlil bəy Xasməhəmməd, Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü Abbasqulu Kazımzadə, azərbaycanlı Məhəmməd Tuğay, şimali qafqazlı Əli xan Kantemir Türkiyədən çıxarılıb. Bununla bağlı 6 sentyabr 1938-ci il tarixli qərarnamə imzalanıb. Qərara əməl etmək məcburiyyətinə qalan Xəlil bəy əvvəlcə Trabzona yola düşüb, 23 sentyabr tarixində oradan Heydər bəyə məktub göndərib, vəziyyəti haqqında məlumat verib. 4 oktyabr 1938-ci ildə göndərdiyi növbəti məktubunu Xəlil bəy artıq Tehrandan yazmışdı. O, bu məktubunda sentyabrın 20-də İstanbuldan yola düşdüyünü, 1650 verst yol qət etdiyini, hava durumunun əlverişsiz olduğunu qeyd edib. İstanbuldan vapura minərkən ailəsi ilə vidalaşma səhnəsinin gözünün önündən getmədiyini, bütün çətinliklərə rəğmən gümrahlığını qoruduğunu bildirib. Tehrandan göndərdiyi 30 oktyabr 1938-ci il tarixli məktubunda Xəlil bəy xaricilərin iqamət icazəsi almalarının çətin olduğunu, hələlik 30 günlük viza aldığını yazıb. 23 noyabr 1938-ci il tarixli məktubunda isə Tehranda bir papaq mağazası açmaq planı olduğundan, ona görə də Almaniyadan məhsulların gətirilməsi yollarından bəhs edib.

Tehranda yaşadığı müddətdə Xəlil bəy davamlı şəkildə oradakı vəziyyətlə bağlı Heydər bəyi məlumatlandırıb, onlara əks cəbhə olan prometeyçilərin çox yaxşı fəaliyyət göstərdiyini ifadə edib.

Xəlil bəyin 21 iyun 1939-cu ildə göndərdiyi məktubdan aydın olur ki, o, dünən Berlinə qədəm basıb. Bununla da Xəlil bəyin həyatında 4 il davam edəcək Almaniya həyatı başlayıb. İkinci Dünya müharibəsinin qızğın çağında Berlində yaşayan Xəlil bəy almanların diqqətini çəkən siyasi xadimlərdən olub, Rəsulzadə ilə birlikdə o da məşhur Adlon mehmanxanasındakı görüşə dəvət edilib. Lakin yaşının çoxluğu, həm də həyat yoldaşı Suad xanıma görə Xəlil bəy yenidən Türkiyəyə qayıtmaq istəyib. 23 fevral 1943-cü ildə Bammata göndərdiyi məktubunda o, Türkiyəyə qayıtması üçün rəsmi müraciət etdiyini yazıb. Həmin müraciətlərin mətni də Bammat arxivində qorunmaqdadır. Bu müraciətlər ömrünü Azərbaycan istiqlal mübarizəsinə həsr edən qocaman Cümhuriyyət xadiminin həm də hesabatı idi.

“Siz bizim xarici siyasətimizin qurbanısınız”

Xəlil bəy Türkiyəyə qayıtmaqla bağlı müraciətini 15 yanvar 1940-cı ildə Berlindən ünvanlayıb. Bu müraciətdə Xəlil bəyin ömür yolunun da bəzi detallarını öyrənirik:

“Heyəti-Cəlileyi-Vəkilə Rəyasətinə

Uzun illər Türkiyəni özümə doğma vətən bilmiş xalis qanlı bir türk övladıyam. Bütün arxadaşlarım kimi mən də Türkiyəni türklüyün son məlcəsi (sığınacağı) və məsnədi (dayağı) və imanımızın əsl qibləgahı olaraq tanımış, gərək onun yolunda, gərəksə nəcib millətimin təali (yüksəlişi) və xilası uğrunda ömrünü tükətmiş bir insanam.

Belə bu ideal yolunda yaşının altmış beşinci sənəsinə və həyatının son günlərinə yaxınlaşmış ixtiyar bir dəmdə, əski daxiliyyə vəkili Şükrü Kaya bəyin 6 sentyabr 1936 tarix və 7746 saylı təklifi üzərinə heyəti-cəlilənizin qərarı ilə Türk hüdudları xaricinə çıxarılmış bulunuram.

Haqqımda heç bir təhqiqata və heç bir əsasa istinad etməyən bu qərar mənim kimi yaşını başını almış ixtiyar bir türkü son dərəcə məğdur və məhvü-pərişan etmişdir. Əgər qərarnamədə haqqımda zikr edilən maddələr həqiqətə uyğun olmuş olsaydı, mən bu yaşımda İstanbulda yedi lirəlik bir otaqda oturmaz və bir istanbullu türk olan bədbəxt arvadım da təmini-məişət (dolanışıq) üçün daktiloluq (makinaçılıq) etməzdi. Necə ki heyəti-cəlilənizin qərarını tədbiq edən əmniyyət direktorları bizə “Siz bizim xarici siyasətimizin qurbanısınız” deməkdən özlərini alamamışlardır.

Ümumi hərbdə Qafqazda türklüyə və hökumətinizə göstərdiyimiz böyük xidmətlər cümləcə məlum və o zaman oralarda bulunmuş olan ordu komandanı və rüfəqasının (silahdaşlarının) məşhudu (şahidliyi) və vücudumda bulunan üç erməni qurşunu da bunların ən bəliğ (açıq) şahididir.

Azərbaycanda müxtəlif nəzarətlərdə (nazirliklərdə) bulunmuş, başvəkalət vəkilliyi (baş nazir müavinliyi) yapmış, yaşını başını almış, nikü-bəddi təfrikə qadir (xeyri şərdən ayırmağa qadir) bir insanım.

Haqqımda qətiyyən əsli və əsası olmayan maddələr isnadı ilə tətbiq edilən son dərəcə ağır və müdhiş cəzanın məmləkətimizin mənafii-aliyəsinin (ali mənafelərinin) zəruri icablarından olduğunu düşünərək təsəlli və şükun (sakitlik) bulmaqdayam.

Aradan keçən zaman zərfində haqqımızdakı qərarın rəf'ini (ləğvini) icab edəcək vəziyyət təhəddüs etdiyindən (yarandığından) bu qərarın heyəti-cəliləcə rəf'i ilə yad ellərdə yaşamasına imkan olmayan müsəlman bir türkü İstanbulda yalqız və müztərib (əzab içində) yaşayan ailəsinin yanına getməsinə müsaidə etmənizi və yabançı məmləkətlərdə bir türkü sərfru (boynubükük) etdirməmənizi dərin hörmətlə diləyirəm.

15 ikincikanun (yanvar) 1940. Berlin.

Azərbaycanın sabiq ədliyyə və daxiliyyə vəkili

Xəlil Xasməhəmməd (Gürgören)

Adresim: Berlin W 15, Pariserstrasse № 1, Pension Pariser Eck.

İstanbulda rəfiqəmin (həyat yoldaşımın) adresi: Bebek, Manolya sokağı № 16, Bayan Suad Gürgören”.

Bu məktubunda Xəlil bəy Tiflisdə erməni gülləsinə tuş gəlməsi hadisəsini yada salıb.

Müraciətinə cavab gəlmədiyi üçün Xəlil bəy 6 aprel 1940-cı ildə özü ilə eyni vəziyyətdə olan şimali qafqazlı Əli xan Kantemirlə birlikdə Türkiyənin Berlindəki səfiri Xosrov Geredeyə müraciət ünvanlayıb:

“Haqqımızda hökumətimiz tərəfindən verilən qərarnamənin rəf'i (ləğv edilməsi) üçün 15.I.1940 tarixində zatı-alinizə təqdim etdiyimiz istidalarımıza (ərizələrimizə) dair mənfi cavablı təbliğatınız alınmışdır.

Təbii olaraq bu gözlənilməyən cavab bizi dərin təsirlərə düçar etdi, çünki millətimizə və hökumətimizə qarşı heç bir suçumuz olmadığı kimi vicdanımız da tamamilə təmiz olduğundan hal-hazırda çəkilən ağır cəzanın davamına təhəmmül edə biləcək çarəmiz qalmadı.

Qürbətdə çəkdiyimiz iztirabların maddi cəhəti bir kənara qalsın, bizi ən çox incidən şey bu tarixi və məsuliyyətli günlərdə məmləkətimizdən uzaq qalmamız və türklüyə xidmət şərəfindən məhrum olmamızdır.

Haqqımızda lütfən göstərmiş olduğunuz ədalətli əlaqənizdən dolayı zatı-alinizə minnət və şükranımızı ərz edərək, bundan sonra da möhtərəm hökumətimiz nəzdində hüquq və şərəfimizin iadəsi üçün əlinizdən gələn yardımı yenə əsirgəməyəcəyinizi ümid edərik.

Bu son dərəcə üzücü vəziyyətimizə nəhayət vermək və əziz vətənimizə təkrar qovuşmamız üçün hümmət və dəlalətinizi rica edər, dərin sayqılarımızın qəbulunu dilərik.

6 nisan (Aprel) 1940. Berlin.

Xəlil Xasməhəmmədli

Əli Kantemir”.

Lakin bu müraciət də müsbət qarşılanmayıb. Ehtimal ki, sonrakı dövrlərdə də Xəlil bəy Türkiyəyə gəlməsi üçün müxtəlif vasitəçilər tapıb, növbəti müraciətlər ünvanlayıb. Nəhayət, Türkiyə prezidenti İsmət İnönünün 18 iyun 1943-cü il tarixli qərarı ilə Xəlil bəyin vətəndaşlığı bərpa olunub. Heydər Bammata yazdığı 3 iyul 1943-cü il tarixli məktubdan aydın olur ki, Xəlil bəy bu qərardan artıq xəbərdardır. Amma qərar imzalansa da, onun İstanbula qayıtması ilə bağlı prosedurlar bir neçə ay çəkib. 22 sentyabr 1943-cü ildə Berlindən Bammata göndərdiyi məktubunda viza məsələlərinin həll olunduğunu və İstanbula yola düşməyə hazırlaşdığını bildirib.

Heydər bəyə yazdığı növbəti məktubun tarixi isə 15 oktyabr 1943-cü ildir. Bu məktub artıq İstanbuldan göndərilmişdi. Məktubunda 22 sentyabrda Berlindən yola düşdüyünü, altı gün sonra İstanbula vardığını, əqrəba və yaxınlarının onu böyük sevinclə qarşıladıqlarını bildirib. Təəssüf ki, onun İstanbul həyatı da qısa davam edəcək, ona əbədi məskən olacaqdı.

Azərbaycan Cümhuriyyətinin ədliyyə naziri olmuş Xəlil bəyin əqidədaşı Heydər Bammata yazdığı məktublar onun mühacirət həyatına böyük miqyasda aydınlıq gətirməkdədir. Gələcəkdə bu məktubların hamısını tam şəkildə təqdim edəcəyik. Bammat arxivində Xəlil bəyə aid iki fotoşəkil də qorunmaqdadır. Tək olduğu fotoşəklin arxasında yazılıb: “Pək əziz və dəyərli dostum Heydər bəy Bammata xatirə. H. Gürgörən. 30.V.1939. Tehran”.

Bir əqidədaşı ilə çəkdirdiyi digər fotoşəklin arxasında isə yazılıb: “Pək sayğılı və dəyərli qardaşımız. Heydər bəy Bammata xatirə. X. Gürgörən. İ. Keykurun. 30.V.1939. Tehran”.

Birinci yazıya keçid: Cümhuriyyət xadiminə aid vəsiqə üzə çıxdı – NADİR SƏNƏD