BAKI, 5 sentyabr. TELEQRAF

Avropa İttifaqının beş ölkəsi - Almaniya, Danimarka, Avstriya, Niderland və Yunanıstan qeyri-qanuni miqrantların üçüncü ölkələrə deportasiya edilməsinin artıq 2027-ci ildən mümkün olmasını istəyir.

Teleqraf xəbər verir, müvafiq ölkələrin miqrasiya məsələləri üzrə nazirləri bu barədə Kopenhagendə keçirilən görüşdə razılığa gəliblər.

Nazirlər üçüncü ölkələrdə deportasiya mərkəzlərinin yaradılması ilə bağlı razılaşmanı ilin sonunadək əldə edə biləcəklərinə ümid edirlər. Bu mərkəzlərə sığınacaq müraciətləri rədd edilmiş, amma müxtəlif səbəblərdən gəldikləri ölkələrə deportasiya edilə bilməyən miqrantların göndərilməsi nəzərdə tutulur. Nəzarətsiz qalmış yetkinlik yaşına çatmayanlar isə istisna təşkil edəcək.

Nazirlər deportasiya mərkəzlərinin yaradılması ilə bağlı konkret olaraq hansı ölkələrlə danışıqlar apardıqlarını açıqlamayıblar.

Mediada Uqanda, Ruanda, Özbəkistan və Qazaxıstan kimi ölkələrin adı çəkilib. Amma Mərkəzi Asiya ölkələri belə bir məsələnin müzakirə olunmadığını açıqlayıblar.

İnsan haqları təşkilatları və Avropa Şurası bu təşəbbüsü tənqid edir və onlar bu zaman insan hüquqlarının pozula biləcəyindən narahatdırlar. Onların fikrincə, sığınacaq axtaran miqrantların heç bir əlaqələrinin olmadığı ölkələrə göndərilməsi ciddi hüquqi-humanitar problemlər yarada bilər.