BAKI, 5 sentyabr. TELEQRAF
Özbəkistan və Hindistan geoloji resurslar və uran sahəsində tərəfdaşlığı dərinləşdirmək barədə razılığa gəlib. Tərəflər həmçinin kritik mineralların axtarışı və işlənməsi üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə “The Economic Times” məlumat yayıb.
Nəşr Özbəkistan və Hindistan arasında dağ-mədən və geoloji resurslar üzrə anlaşma memorandumunun şərtləri ilə bağlı razılığın əldə olunmasına diqqət çəkib. Hazırda tərəflər sənədin qısa müddətdə qəbul edilməsi və planların konkret layihələrə çevrilməsi yollarını nəzərdən keçirirlər.
Hindistan Xarici İşlər Nazirliyinin Qərb məsələləri üzrə katibi Sibi Corcun sözlərinə görə, sazişin imzalanması və icrası üçün nümayəndə heyətlərinin qarşılıqlı səfərləri təşkil olunacaq. Müəllif həmçinin birgə səylərin xüsusi komissiya mexanizmi vasitəsilə inkişaf etdirilməsi ideyasının irəli sürüldüyünü vurğulayıb.
“The Economic Times” uran sahəsində əməkdaşlığa da xüsusi diqqət yetirib. Bu sahə iki ölkə arasındakı iqtisadi əlaqələrin yeni istiqaməti kimi təqdim olunub. Həmçinin kənd təsərrüfatında tərəfdaşlığın miqyasının genişləndiriləcəyi qeyd edilib. Xüsusilə toxumçuluq, damcı suvarma, bağçılıq və şoran şəraitdə bitki yetişdirilməsi üzrə birgə işlər inkişaf etdiriləcək.