“İndi məni göstərəcəklər” məşhur ifadəsi ilə tamaşaçıların maraq dünyasına daxil olan başı kepkalı oğlan yəqin xatirinizdədir. Yaxud fərqli saç düzümü, jest, mimika, hadisələrə qeyri-adi baxışı ilə seçilən vergi müfəttişi Habil...
Təəssüf ki, internetdə onun adını axtarışa verəndə biznesmenlərə aid “mağazasında oğurluq oldu”, “xəstəxanaya yerləşdirildi”, “müflis oldu” kimi xəbərlər daha çox ön plana çıxır. Amma o aktyordu və müflis olması da sənətiylə bağlı ola bilər. Tamaşaçı onu sevmirsə, onu görmürsə, deməli, aktyor iflas edib.
O isə 1987- ci ildən verdiyi “Kişi sözü” ilə Azərbaycan ekranında uzun müddət qalacağını zəmanətləyib. Qasım var ha, o Qasım... Mübtəla olduğu məhəbbətindən tutmuş xarakter cizgilərinə kimi hər şeydə yaratdığı obraza – Qasıma bənzədiyini deyən əməkdar artist Əjdər Həmidov “Danışan fotolar”ın qonağıdır.
Şəkil çəkdirmək, fotosunu yığıb saxlamaqla arası bir o qədər yaxşı olmayan aktyor səhhətinin və əhvalının yaxşı olduğunu, bir çox çətinlikləri arxada qoyub həyata davam etdiyini söyləyir.
“Atamın arzusu gerçəkləşdi”

- Qardaşım və mən. Onda hələ məktəbdə oxuyurduq. Aramızda iki yaş fərqi var. Mən atama, qardaşım anama oxşayır. Anam qubalı, atam şabranlıdır, bizim də uşaqlığımız Şabranda keçib. Ailədə iki bacı, iki qardaş olmuşuq. Atam baytar həkimi idi, məni aktyor, qardaşımı prokuror görmək istəyirdi. Mənimsə arzum rəssam olmaq idi. Atamın sözündən çıxmaq qeyri-mümkün idi. Sənədlərimi Mədəniyyət və İncəsənət Universitetinə verdim, qəbul olunmadım. Qardaşımı da hərbi xidmətə görə hüquq fakültəsinə götürmədilər. Tarix fakültəsinə qəbul oldu, bunu atam heç cür qəbul etmədi. Rektora məktub yazıb qardaşımın institutdan azad olunmasını xahiş etdi.
Baxın, bu şəklə
- Bir gün atam ikimizi də Biləcəriyə aparıb hərbi qulluğa yazdırdı. Beləcə, qardaşımla birlikdə Novosibirskidə iki il hərbi qulluq etdik. Tank sürürdük. İki qardaşın birlikdə hərbi qulluqda olması çox nadir hadisələrdəndir. O vaxt bu hadisə ordu qəzetində işıqlandırılmışdı. Bu, həmin qəzetdə çap olunan şəkildir.
Əsgərlikdən qayıdandan sonra mən aktyorluq, qardaşım hüquq fakültəsinə daxil oldu. Atamın arzusu gerçəkləşdi. Heyfslənirəm ki, o mənim kinodakı uğurlarımı, qardaşımın isə prokuror vəzifəsini görə bilmədi.
“Mən o günü gözləyirdim”

- “Kişi sözü” filminin fotosınaq çəkilişlərindəndir. Kinoda ilk addımımı atdığım filmim. 34 yaşım vardı.
- Kino üçün gec kəşf olunmağınızı nəyə bağlayırsınız?
- Taleyimə, şansa... Mən kəşf olunacağım günü gözləyirdim. Gözləyirdim ki, bir gün kimsə məni filmə çəkilməyə dəvət edəcək. Hər aktyor o günü gözləyir. Mənim üçün o tarixi gün gəldi. Hər şeyin belə alınması həm də şans idi. Qasım rolunda mənim yerimə başqa aktyor da çəkilə bilərdi. Yaxud ola bilərdi ki, o film alınmasın və daha sonra mən filmə çəkilməyim. Filmin rejissoru Cahangir Mehdiyev ilk dəfə məni teatrda görüb, “Kişi sözü”nə dəvət etdi. O zaman Sumqayıt Teatrında çalışırdım.
Teatrın həyətində Mərahim Fərzəlibəyovu gözləyirdim. Gördüm ki, kimsə kənardan diqqətlə mənə baxır. Demə, Cahangir Mehdiyev imiş. Yaxınlaşdı, özünü təqdim edəndən sonra məni film çəkilişi üçün sınağa çağırdı. Ürəyimdə fikirləşdim ki, şəklimi çəkəcəklər, axırda da öz istədiklərini seçəcəklər. Ümidsiz halda fotosınaqlara getdim, bir müddət sonra məni kinosınaq çəkilişlərinə dəvət etdilər. Deyəndə ki, səni baş rol üçün sınaqdan keçiririk, inanmadım, dedim, yəqin məni aldadırlar.
“Başqa qadını sevmişəm”
- O zaman Solmaz roluna Sənubər xanımı təsdiq etmişdilər?
- O rol üçün çox qızlar sınaqdan keçmişdi. Amma mən şəklini gördüyüm dörd nəfərdən bu rol üçün ən çox Sənubəri uyğun görürdüm. O da seçildi.
Yadımdadır, Cahangir bizim fotolarımızı Moskvaya aparıb, müəllimi Daneleyə göstərdi. Danele də Qasım roluna məni, Solmaz roluna Sənubəri seçdi. Bununla kino karyeram başladı.
- Deyəsən kinodakı sevginiz yaxşı alınsın deyə Cahangir müəllim sizə Sənubər xanımı sevməyi məsləhət bilib.
- Elədir... Əslində elə də olmalıdır. Ürəkdə sevgi olmasa alınmaz. Mən də dedim, Cahangir müəllim, çalışaram. Mən kinoda Sənubəri, həyatda başqa qadını sevmişəm. Onunla münasibətimiz 18 il davam edib. Amma sonu Qasımınkı kimi nakam olub.
- “Kişi sözü”nə çəkiləndə o münasibət davam edirdi?
- Bitməyə yaxın idi... Maraqlı bir nüansı deyim, filmdə Qasımın sonda Solmazı qəbirstanlığa çağırıb: “Sənə qarşı olan məhəbbətimi bu qəbistanlıqda dəfn edib gedirəm” deməsi ssenaridə yox idi. Onu filmə Cahangirlə birgə əlavə etdik.
- Bu kepkanı neylədiniz?
- İndiyə kimi evimdə qoruyub saxlayıram. Bu filmə qədər mən heç vaxt başıma kepka qoymamışam. Bığ isə özümündür. O dönəmlərdə bığ saxlayırdım, amma həmişə də rol gərəyi qırxmalı olurdum. “Yoxlama”dan sonra daha bığ da saxlamadım.
“Az qala Vaqif məni çəkməyəcəkdi”

- Bu, “Yoxlama” filminin qrim rəssamı polşalı Tomasz Matraşekdir. “Oskar” mükafatı alan məşhur “Pianoçu” filminin qrimyoru olub. Sizə bir sirr açım, əslində deməməliyəm, çünki bu, aktyorların mətbəxidir. Bu serialdakı obrazım Habil üçün məni müxtəlif cür qrimlədilər: saçımı ortadan ayırdılar, eynək taxdılar, bığ yoxladılar. Amma heç biri rejissor Vaqif Mustafayevin xoşuna gəlmədi. Hiss edirdim ki, o, artıq məni çəkmək istəmir.
Habil obrazına çoxlu rus aktyorları da sınaqdan keçmişdi. Vaqif müəllimə yaxınlaşıb dedim, özünüzü yormayın, əgər rol üçün yaramıramsa çəkməyin. Sonra məni başqa rola dəvət edərsiniz. Dedi, yox, hələ ki yoxlayırıq. Bu söhbətin üzərindən bir müddət keçəndən sonra məni və qrimyoru çağırdı, bizə Fransa-İngiltərə istehsalı olan “Lujinin müdafiəsi” adlı bir film göstərdi. Filmə baxdıq, sonra Vaqif filmdəki baş rolun ifaçısı Con Turturronu göstərib Tomasza “bu qrimi Əjdərə köçür” dedi. İndi o filmdəki aktyoru görsəniz deyərsiniz ki, Turturro ilə əkiz qardaşıq. Bir-birimizə çox oxşayırıq.
Saçımı rəngləyib, buruq etdilər. Bu qrimi Vaqif çox bəyəndi. Dörd ay o saçla gəzib dolaşdım. İlk dəfə evə, teatra gedəndə heç kim tanımamışdı. Teatra gəlib, bufetdə oturmuşam, axırda Sənubər məni səsimdən tanıyıb. O dərəcə də dəyişmişdim. Seriala çəkilən müddətdə teatrda heç bir tamaşa oynamadım.
- Bu, “Yoxlama”nın İçərişəhərdəki evidir. Şirvanşahlar Sarayının yaxınlığında yerləşən ikimərtəbəli ev... Çəkiliş üçün evdə xüsusi dəyişiklik etmədik. Bircə qapını çıxarıb, yerinə əvvəl penoplas, üzərinə də aboy vurdular. Divar təəssüratı yaratmaq üçün... Film gərəyi hər dəfə o evə girəndə divarı bərk vurub, yarmalıydım, üzərim də toz-torpağa bulaşmalıydı. Bir dəfə çəkiliş zamanı divara bərk zərbə endirdim, amma uçmadı, sadəcə çat verdi. Ona görə çəkilişi dayandırdıq, aboyu söküb, yenidən vurdular, sonra çəkiliş başladı. Yuxarıda isə bir nəfər əlindəki sement tozunu başımdan aşağı tulladı.
Çox peşəkar aktyorlarla çəkildim. Valeri Qarkalin, Nodar Mqaloblişvili, İlya Rutberq, Yaşar Nuri, Səidə Quliyeva, Nuriyyə Əhmədova...
“İçirtdilər, quyuya saldılar”
- O evdə pilləkənləri hirslə qalxıb-düşməyiniz çox əcaib idi...
- O səhnələr məni çox yorurdu. Təsəvvür edin, filmdə elə epizod var ki, 21 dubla çəkib. İki nəfərin qolumu dartdığı epizodu 21 dəfə təkrarlamışıq, 8 saatımızı alan epizod filmdə cəmi bir dəqiqə göstərilib. O qədər dartmışdılar ki, dedim, Vaqif müəllim, artıq qolumu hiss etmirəm.
Çəkilişlərdən biri Mərdəkanda Dendradi bağındakı qədim bir quyuda idi. 40 dərəcə istidə quyunun suyu bumbuz, Vaqif müəllim dedi, bu suya girməlisən. Dedim, ölərəm. Köməkçisinə dedi, get araq gətir, məni içirtdilər, sonra bədənimi spirtlə sildilər. Kostyumu geyinib suya girdim. “Motor” deyildi, mən sudan çıxdım. Vaqifin üzünə baxdım, dedi, alınmadı, suyun altında görünürsən.
İkinci dubl üçün yenə araq içdim, bədənimi sildilər. Yenə alınmadı. Üçüncü dəfə də bir az da araq içib, bədənimi silib, suya saldılar. Sudan çıxdım, yuxarı qalxmaq üçün ayaqlarımı atanda gördüm ki, yeriyə bilmirəm. Özüm də dəməm artıq. Yarım butulka arağı içən necə olsun... Vaqif çəkilişi saxladı, dedi, qalxmağını sabah çəkərik. Sərxoş halda ağacın altında yıxılıb qaldım.
- Habilin düşmənləri onu asfaltda sürüyüb, qayadan aşağı atırlar. Ondan sonra Habil xəstəxanada yatır. O səhnələr çəkiləndə lentə alınıb bu şəkil. Elə baxmayın, məni qrimləyiblər. Filmdəki tryuklar üçün Moskvadan kaskadyorlar gətirmişdilər, amma sonra qərar verdim ki, hamısını özüm edəcəm. Çəkilişlərdə çox yaralar, zədələr almışam. O serialdan sonra iki il xəstə yatdım. Amma bütün bunlara dəyərdi.
Elə səhnələr vardı, həyatım bahasına başa gələ bilərdi. Metallurgiya zadovundakı çəkilişdə cəld tərpənməsəydim dəmir az qala boynumdan dəyəcəkdi. Bir dəfə də saçıma yaxınlıqda kəsilən borunun qığılcımları düşdü. Saçım alışdı, vaxtında söndürməsəydim, Allah bilir nə olardı.
O dörd ay boyunca indiyə kimi görmədiyimi görmüşdüm, elə məqam olurdu bezirdim. Az qalırdı, Vaqif müəllimə deyim ki, daha dözə bilmirəm, çəkilmirəm.
Doğrusu, “Yoxlama”dan sonra filmlərə daha çox dəvət alacağımı düşünürdüm. Elə olmadı. Bir neçə serial oldu, İTV-nin istehsalı olan, rejissor Cavid Təvəkkülün “Azarkeş” filmində çəkildim, amma kinostudiyanın heç bir filmində yer almadım. Səbəbi bilmirəm.
- Bu foto Səyavuş Aslanla “Kinoklub” verilişinin çəkilişlərindəndir. Gözəl veriliş idi. Telman Adıgözəlov, Yaşar Nuri, Ələsgər Məmmədoğlu ilə həm o verilişdə çəkilirdik, həm də teatrda birlikdə oynayırdıq. Təəssüf ki, onlar indi aramızda yoxdular. Allah rəhmət eləsin.
- Səhv etmirəmsə, Səyavuş müəllimlə “Hacı Qara” filmində birlikdə oynamısınız.
- Başıbəlalı bir film oldu. Film çəkilməyə başladı, amma sonra maliyyə olmayınca yarımçıq qaldı. Beş ildən sonra rejissor Cahangir Mehdiyev pul tapıb filmin davamını çəkdi. Aktyorlar yaşa dolmuşdular, bir aktyor Moskvaya getmişdi, onu tapa bilmədilər və ən önəmlisi filmdə əsas rollardan birini canlandıran Məlik Dadaşov dünyasını dəyişmişdi.
Ona görə Rafael Dadaşovu arxa plandan atasının yerinə çəkdilər.

- Çəkildiyim iki film kinoteatrlarda anşlaqla nümayiş olunub. Biri “Kişi sözü”, digəri “Lətifə” filmidir. Sizə deyim ki, birincidən fərqli olaraq “Lətifə”də filmin kinoteatrda nümayiş olunmasının şirinliyini gördüm.
Filmin çəkilişləri şəhərin mərkəzində yerləşən Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının binasında, bir də kinostudiyada olmuşdu. Mənim səhnələrim ancaq liftdə idi, o da kinostudiyanın pavilyonunda çəkilirdi.
Film hazır olandan sonra siyasi baxışlarına görə Azərbaycanda nümayişi qadağan olundu. Çünki filmdə Sovetlər Birliyinin dağılmasından söhbət açılır. Rejissor Yefim Abramov filmi Boris Yeltsinə göstərdi. O da sovetlər birliyini dağılmasının tərəfdarlarından idi. Filmin mövzusu onun mövqeyi ilə üst-üstə düşdüyünə görə “Lətifə”nin nümayişinə icazə verdi.
İndiyə kimi yadımdadır ki, film ilk dəfə Rusiyanın ORT kanalında nümayiş olundu. Hətta erməni qızının səhnəsinə görə ermənilər üsyan etdilər.
Film Bakının bütün kinoteatrlarında dörd seansla nümayiş olundu. Bilet tapmaq olmurdu. Filmdən böyük pullar qazandılar.
Öncədən bağladığımız müqaviləyə görə 500 manat qonorar almışdım. Bir dəfə kinostudiyadan zəng etdilər, dedilər, filmə görə mükafat veriləcək. Düşündüm ki, 500 manat olar. Kinostudiyanın kassasından qonorarı alanda necə təəccüblənmişdimsə, indiyə kimi yadımdadır. Mükafat 6 min manat idi. O qonorarı tək mən yox, Yaşar Nuri, Ceyhun Mirzəyev, Şarovski, Rasim Balayev və digər aktyorlar da aldılar. SSRİ vaxtı bu, çox böyük pul idi.
Film pul qazanmışdı və ondan da bizə pay düşmüşdü. Ona görə də indi filmdən yaxşı qonorar əldə etmək üçün yaxşı film çəkmək, kinonun digər mexanizmlərini işə salmaq lazımdır: yəni prokatı olmalı, kinoteatrlarda nümayiş edilməlidir.
- Hicran Nəsirova ilə institutda bir qrupda oxumuşam. İndiyənə kimi Akademik Milli Dram Teatrında birlikdə işləyirik. Məni instituta Ədil İsgəndərov qəbul edib, təəssüf ki, biz ikinci kursda oxuyanda o, rəhmətə getdi. Bizim kursda həmçinin Nübar Novruzova, Qorxmaz Əlili də oxuyub.

- “Azdrama”da oynadığım “Hələ sevirəm deməmişdilər” tamaşasındandır. Rejissoru Mərahim Fərzəlibəyovdur. Teatrda ən uzunömürlü tamaşam “Qarabağnamə”dir. 21 ildir o tamaşada oynayıram.
Ən rahat tərəf-müqabilim Nurəddin Mehdixanlıdır. “Almaz”da, “Ölülər”də, elə bu tamaşada da birlikdə oynamışıq.
Filmdən fərqli olaraq teatrda obrazı dəfələrlə oynamaq imkanın olur. On-on beş tamaşadan sonra obraz aktyorda oturuşur. “Almaz” tamaşasını 20-ci dəfədir oynayıram, hələ indi hiss edirəm ki, obrazım oturuşub.
- Teatrda hansı rolunuzu dəfələrlə ifa etməyinizə baxmayaraq yenə də özünüzü narahat hiss etmisiniz?
- “Qarabağnamə” tamaşasında erməni Vanya yüzbaşını canlandırıram. Mən həmişə o roldan narahatam. Nə də olsa ermənidir. Tamaşaçılar obrazımın alındığını deyir. Ola bilər, onlar məni sevdiklərinə görə belə deyirlər. Mən özüm indiyə kimi tərəddüddəyəm.
Kino və teatrda aktyor oyunu ilə bağlı hərənin bir fikri var. Kimi deyir kino, kimi deyir teatrda rol oynamaq çətindir. Mənim üçün hər ikisi çətindir. Kinoda da, teatrda da aktyor onların fərqini çox yaxşı bilir. Teatrda söz, kinoda gözdür. Kinoda gözlərin işləməlidir, sözü göz deməlidir, səhnədə isə sözü elə deməlisən ki, axırıncı sıradakı insan da onu eşitsin. Səhnədə hər şeyi ört-basdır edə bilirsən, filmdə yox.
“Kişi sözü” filmində o mənada çox çətinlik çəkmişdim. 8 illik teatr təcrübəm vardı, amma kameranın dilini bilmirdim. Filmin nümayişinə kimi həyəcan içindəydim. Film taleyimdə iki cür rol oynaya bilərdi: ya uğur qazanıb irəli gedə, ya da birdəfəlik kinodan silinə bilərdim. Tale birincini nəsib etdi. O filmin sayəsində ilk dəfə “Azərbaycanfilm” kinostudiyasından içəri girdim. O vaxt hər şey nəhəng, möhtəşəm idi. Kinostudiyaya girirdin, insanlar qaynayır, qapıdan çəkilişə gedən maşınlar çıxırdı.
- Kimləri görürdünüz orda?
- Kinostudiyanın çayxanası vardı, ora gəlib astaca qapını aralayırdım, görürdüm bir tərəfdə Tofiq Tağızadə, digər tərəfdə Həsən Seyidbəyli, Həsənağa Turabov, Məlik Dadaşov oturub. O nəhəngləri görüb içəri girə bilmirdim, dəhlizdə gözləyirdim ki, onlar çıxsınlar, sonra girib bir stəkan çay içim.
- O dövrün rejissorlarından hansının filmində çəkilmək istərdiniz?
- Həsən Seyidbəylinin. Onun filmlərindən çox xoşum gəlirdi.
“Valehi məhkəməyə vermişəm”
- Hansı aktyora bənzədirdilər sizi?
- Valeh Kərimova. Həmişə bizi səhv salırlar. Mənə Valeh, Valehə də Əjdər deyə müraciət edirlər. O da əsəbiləşir, “Allah Əjdəri öldürsün, əl çəkin də məndən” deyir. Bir dəfə televiziya verilişində “Mən Əjdərə oxşamıram, o nə gündədir, mən hara, o hara...” dedi. Valehin ürəyini bilirəm, onun zarafat etdiyini başa düşürdüm, amma bunu efirdə ciddi-ciddi deməyi xalq arasında başqa cür başa düşüldü. Dedim eybi yox, Valeh, qalsın qoca qulluğunda.
Sonra mən efirə çıxdım, dedim mən Valehi məhkəməyə vermişəm, çünki mənə meymun deyib. Bu süjet efirə veriləndən sonra tanıyıb-bilən hamı zəng etməyə başladı. Qohumları Valehə zəng edib deyiblər ki, Əjdər səni tutduracaq.
Valeh çox yaxşı insan, yaxşı dostdur. Həmişə də münasibətlərimiz yaxşı olub. Biz Sumqayıt Teatrında da birlikdə işləmişik, məşhur “Bəxt üzüyü” tamaşasında oynamışıq.
Filmdə isə mənim rolumu Arif Quliyev oynayır. Rejissor Ramiz Əzizbəyliyə dedim, Ramiz, o mənim doğma rolumdur, mən qala-qala onu niyə Arifə verirsən. Dedi, o gözümə dəydi.

- Qızlarım, nəvələrim, kürəkənlərimdir. Qızlarımın ikisini də oxutdurmuşam. Böyük qızım Asəf Zeynallını və Mədəniyyət və İncəsənət Universitetini bitirib, pianodan dərs deyir. Kiçik qızım Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirib, müəllimədir.
Foto: Elçin Murad